Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb.
"Report" xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirin dördüncü günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.
Konfransın son günü keçirilən “Rəqəmsal əsrdə qanunun aliliyinin təmin edilməsində prokurorun rolu – çağırış və cavablar”, “Rəqəmsal sübutlar və süni intellektdən istifadə çərçivəsində şəffaflığın, hesabatlılığın və məlumatların qorunmasının təmin edilməsi”, “Kibercinayətkarlığın təqibində beynəlxalq əməkdaşlığın əhəmiyyəti” adlı plenar sessiyaları və “Ekoloji cinayət”, “Kibercinayətkarlıq” və “Terrorla mübarizə” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.
Tədbirin əsas hissəsindən sonra bağlanış mərasimi baş tutub.