Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” - YENİLƏNİB-2

    Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb

    *** saat 10:17 və 11:18

    Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

    "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

    Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən Prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini deyərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirdi. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”, - deyən dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırdı.

    Azərbaycanın enerji siyasətinin tarixindən danışan Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin gələcək enerji layihələrinin həyata keçirilməsindəki əhəmiyyətli rolundan bəhs etdi, müasir Azərbaycanın nailiyyətlərinin bunun sayəsində mümkün olduğunu bildirdi. Cənub Qaz Dəhlizinin icrasında “Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını deyən dövlətimizin başçısı çıxışında layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd etdi, uzun illər ərzində Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizlərini buna misal çəkdi.

    Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin Transadriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını diqqətə çatdırdı. Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, “Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini dedi.

    XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlətimizin başçısı Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirdi. “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir”, - deyən Prezident İlham Əliyev bu sahədə mövcud beynəlxalq əməkdaşlığı qarşılıqlı etimadın nümunəsi adlandırdı, layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlərin yüksək standartlara əsaslandığını bildirdi və konfransın işinə uğurlar arzuladı.

    Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin təlimat və tövsiyələrinin “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında mühüm rol oynadığını, bu cür toplantıların layihə üzrə həll variantlarını tapmağa imkan verdiyini dedi.

    Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Prezident İlham Əliyevə Azərbaycanın üçüncü dəfə bu toplantıya ev sahibi etdiyinə görə minnətdarlığını bildirdi, ötənilki görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu dedi. Maroş Şevçoviç Prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırdı. “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq”, - deyən Maroş Şevçoviç də qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğuladı, layihənin vaxtında icra olunacağına əminliyini ifadə etdi.

    Tədbirdə 10-dan artıq ölkənin nümayəndəsi iştirak edir. Məşvərət Şurasının III iclasında ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç təmsil edir. Avropa İttifaqının nümayəndə heyətinin tərkibinə, həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

    İclasda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən - Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” və Energetika Nazirliyinin nümayəndələri də iştirak edirlər.

    Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç tədbirə qatılıb. Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri qismində bu ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşib.

    Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Dünya Bankının enerji və hasilat üzrə baş direktoru Rikardo Puliti, Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinə AİB-nin enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuk daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankını (EBRD) qurumun enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad, həmçinin bankın Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera, EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Duarte, Bankın Təbii resurslar Departamentinin rəhbəri Natalya Lakorzanadan ibarət geniş tərkibli nümayəndə heyəti, Almaniya İnkişaf Bankı (KfW) İdarə Heyətinin üzvü Markus Skir, Bankın neft, qaz və neft-kimya üzrə vitse-prezidenti Maykl Veytz də Məşvərət Şurasının III iclasının iştirakçıları sırasındadır.

    Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Qafqaz üzrə regional direktoru Jan van Bilsen, Balkanlar üzrə regional direktoru Tomas Lubek, Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov da toplantıda iştirak edirlər.

    Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşounun rəhbərlik etdiyi nümayəndə heyəti, İAP üzrə təmsilçi Vedran Spehar, eləcə də başda regional president Qordon Birrell olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda "SNAM", "Total" şirkətləri də iştirak edir.

    “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının III iclası dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. M.Şevçoviç və energetika naziri Natiq Əliyevin moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub.

    Dördüncü hissədə isə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İAP istiqaməti üzrə məruzələr dinləniləcək.

    Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamənin imzalanması planlaşdırılır.

    Daha sonra energetika naziri N.Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi