Video əlavə olunub
*** 09:35
Ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.
"Report" xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlərlə yanaşı olaraq aprelin 18-dən etibarən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb.
İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlayaraq aparılır.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı öz təşəbbüsləri ilə paytaxtın dezindeksiya işlərinə də qoşularaq bu işlərə 8 ədəd xüsusi avtonəqliyyat vasitəsi ayırıb. Onlar da bu gündən dezinfeksiya tədbirlərində iştirak edirlər.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin də 3 ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib. Eyni zamanda paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb.
Görülən işlərin xüsusi kimyəvi maddələrlə aparıldığından əməkdaşların sağlamlığının qorunması məqsədi ilə bu işlərdə iştirak edən əməkdaşlar xüsusi qoruyucu geyim, maskalardan əlavə süd və ayranla da təmin olunublar.
Bu işlərlə yanaşı gündə 2 dəfə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, artıq saat 12-yə yaxınlaşır və qarşıya qoyulan əsas məqsədlərə nail olunub. Şəhərin əsas küçələrində dezinfeksiya işləri həyata keçirilib və tədbirlər axşam saatlarına qədər davam edəcək.
*** 07:30
Bu gün Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə “Report” paytaxtın kommunal strukturlarından məlumat əldə edib.
Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.