​Azərbaycanın birinci xanımı Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaq müəssisələrində olub

​Azərbaycanın birinci xanımı Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaq müəssisələrində olub Yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir
Daxili siyasət
1 İyun , 2015 15:15
​Azərbaycanın birinci xanımı Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaq müəssisələrində olub

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172 saylı uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub. 

“Report”un xəbərinə görə, birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 saylı körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış olub. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, 110 saylı bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin martında Prezident İlham Əliyev bağçanın açılışında iştirak edib. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərinin zövqünə uyğun qurulub. Uşaq müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir. Körpələr evi - uşaq bağçasında balacalarda olan bacarıq və istedadları aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət edib. Uşaqlar da hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşıblar və öz məharətlərini göstərməyə çalışıblar.

Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzulayıb.

Sonra Mehriban Əliyeva 172 saylı bağçaya gəlib. Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəlii əlavə korpus inşa olunmağa başlanıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada indi 12 qrupda 230 uşaq tərbiyə alır.

Son xəbərlər

Orphus sistemi