"Qazaxıstandakı hadisələrin təkrarlanmaması üçün güclü lider olmalıdır"
- 07 yanvar, 2022
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qazaxıstanda baş verən hadisələrin başqa ölkələrdə təkrarlanmaması üçün güclü lider və siyasi iradə olmalıdır. Biz xoşbəxt xalqıq ki, Azərbaycanda Prezident İlham Əliyev kimi güclü liderimiz var. İlham Əliyev bütün siyasi proseslərdə uzaqgörənlik, siyasi iradə və qətiyyət nümayiş etdirir”.
Bunu "Report"a açıqlamasında Milli Məclisin depuatı Vüqar İskəndərov deyib.
O vurğulayıb ki, Qazaxıstandakı son olaylar bir çox mətləblərdən xəbər verir: "Ən əsası isə bir daha bəlli olur ki, yalnız düşünülmüş, praqmatik siyasət həyata keçirməklə, uğurlu sosial layihələrlə idarəçilikdə uğur qazanmaq olar. Qazaxıstanda sabitiyin pozulması, insanların qətlə yetirilməsi, talan və qarətlər əlbəttə ki, təəssüf doğurur. Amma bu, eyni zamanda bir faktı növbəti dəfə üzə çıxarır. Bu, güclü lider faktorudur”.
Deputat bildirib ki, Azərbaycan Prezidenti xalqdan ayrı düşən məmurlara qarşı barışmaz mövqe sərgiləyir: “Cənab Prezident dəfələrlə çıxışlarında məmur özbaşınalıqlarına toxunub və buna qarşı ən ciddi tədbirlər həyata keçirib. Dövlət başçısı eyni zamanda, həddini aşan məmurlara qarşı sərt tədbirlər görüb, onları vəzifələrindən kənarlaşdırıb. Həmin məmurların ədalət mühakiməsi qarşısında cavab vermələri təmin edilib. Bundan başqa, dövlət başçısı oliqarxların özbaşınalıqlar etməsinə qarşı çox sərt mövqe tutub. Təbii ki, bütün bunlar da xalq tərəfindən yüksək dəyərləndirilir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyev nümunəsində güclü və prinsipial lider var: "Hesab edirəm ki, bu da hər bir ölkənin idarə olunmasında xüsusi əhəmiyyət daşıyan məsələdir. Ölkədə xalq-iqtidar birliyi yüksək səviyyədədir. Prezident İlham Əliyev ölkəni böyük uzaqgörənliklə və müdrikliklə idarə edir. Ölkəmizdə neqativ hallara qarşı davamlı ciddi mübarizə aparılır".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə məmur özbaşınalığına sərt və konkret reaksiya verib: "Ciddi xəbərdarlıq edib və tədbirlər görüb, ölçü götürüb, vəzifələrindən kənarlaşdırıb. Həmin məmurların ədalət məhkəməsi qarşısında cavab vermələri də təmin olunub. Hamı bilir ki, Azərbaycanda qanunun üstünlüyü dövlət siyasətində prioritet sahə kimi müəyyənləşdiriıib. Məhz bu siyasət nəticəsində son illər bu kimi halların sayı kəskin azalıb. Bu gün Azərbaycan Prezidenti sadəlikdə, insanlarla səmimi münasibətdə ideal nümunədir. Hamı bu nümunəni əsas götürməli, bütün məmurlar bu davranışı həyat tərzinə çevirməlidirlər. Buna əməl etməyənlər həmişə ciddi cəzalandırılıb. Heç kimə güzəşt olmayacaq. Hesab edirəm ki, ciddi cəza tədbirlərindən hamı nəticə çıxarmalıdır. Yüksək inkişaf və tərəqqiyə yalnız bu yolla nail olmaq mümkündür".