Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Mərasimdə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.
Daha sonra VK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan danışıb.
O bildirib ki, 2018-ci ildən VK üzvlüyünə qəbulla bağlı 11 yazılı test imtahanı keçirilib: "Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1357 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib".
Anar Bağırov qeyd edib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 46 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: "Beləliklə, vəkillərin sayı 2334 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 14 nəfəri isə qadındır. Vəkillərdən 3 nəfəri regionlarda, 43 nəfəri isə isə Bakıda fəaliyyət göstərəcək. Namizədlərdən 1998-ci il təvəllüdlü Mirzəmmədova Gülzadə İlham qızı ən gənc vəkilimizdir".
Daha sonra vəkilliyə namizədlər çıxış ediblər. Onlar vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün VK-nın Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.
Sonra vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.