MM-in komitə sədri: Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası formalaşdırılıb - RƏY

MM-in komitə sədri: Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası formalaşdırılıb - RƏY Azərbaycanda bərpaolunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Xüsusilə, “Elektrik enerjisi istehsalında bərpa olunan
Daxili siyasət
6 Aprel , 2024 11:10
 MM-in komitə sədri: Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası formalaşdırılıb - RƏY

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Xüsusilə, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunu misal göstərmək lazımdır.

Bu barədə "Report"a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci - “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” bəndində iqlim dəyişikliyi, onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb:

"Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilib. Milli prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan tərəfindən qlobal iqlim dəyişikliyinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılması hədəf kimi götürülüb".

Komitə sədri xatırladıb ki, Azərbaycan 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40%-dək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması üzrə yeni öhdəliyi qəbul edib:

"Bu hədəflərə nail olmaq üçün, Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bundan əlavə, 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycanın dəstəyi ifadə edilib".

Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkə olduğunu vurğulayan Sadiq Qurbanov əlavə edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt-dır:

"Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu sahədə ölkəmizdə ciddi işlər görülür".

Son xəbərlər

Orphus sistemi