Yuxarı

Azərbaycan Prezidenti: "Sahibkarlar qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır"

Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətini vurğulayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır". 

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında belə deyib. 

Prezident İlham Əliyev bildirib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb. Bununla da Azərbaycan MDB-də birinci yerdədir, beynəlxalq reytinq agentlikləri də ölkənin reytinqlərini yüksəldib. Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlət başçısı bildirib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. 

Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb. Dövlət başçısı deyib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.

Prezident İlham Əliyev kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini diqqətə çatdırıb.

Birinci Avropa Oyunlarının Azərbaycana marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlarını verib, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi