Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib. “Report”un xəbərinə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib.
Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış olub.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətinin təmin edilməsi və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə “Azərsu” ASC-nin “+82 Qərb” su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yeni istirahət parkı salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görülüb. Xüsusi dizayn əsasında layihələndirilən parkın inşasına bu ilin əvvəllərində başlanılıb və bir ildən də az müddətə başa çatdırılıb.
Layihə çərçivəsində “+82 Qərb” su anbarının giriş və çıxış hissələri də abadlaşdırılıb, seyrəngahlar yaradılıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Parkda çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Eyni zamanda, parkın ərazisində iki kafe fəaliyyət göstərəcək. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.