​Azərbaycan Prezidenti: "BƏƏ ilə turizm sahəsində birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var"

​Azərbaycan Prezidenti: "BƏƏ ilə turizm sahəsində birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var" "Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik"
Daxili siyasət
2 Aprel , 2015 18:25
​Azərbaycan Prezidenti: BƏƏ ilə turizm sahəsində birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var

Bakı. 2 aprel. REPORT.AZ/ "Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək". "Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilmiş geniş tərkibdə görüşdə bildirib.

Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərə toxunub: "Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə sizə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır".

"Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Şadıq ki, Sizin Ticarət Palatanızın xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam sizin gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, sizin ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı olacaq", - Azərbaycan Prezidenti vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub.

Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi