Azərbaycan Hakimlərinin Konfransı keçirilib.
Bu barədə “Report”a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycanın qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilib, Şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılıb, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulub.
Eyni zamanda Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub.
Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlayıb.
Tədbirdə təmsil olunan nümayəndələr sırasından ən qocaman hakim açaraq konfransın işinə uğurlar arzulayıb.
Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər.
Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülüb.
Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən, Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərov və Mülki kollegiyasının sədri Sənan Hacıyev, apellyasiya instansiya məhkəmələri üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçiliblər.
Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurub.