Yuxarı

“Azadlıq-2015” seçki blokunun fəaliyyətinə xitam verilə bilər

Parlament seçkilərində blok 72 namizəd irəli sürüb, onlardan 20-si qeydə alınıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Müxalifyönlü 7 siyasi partiyanın təmsil olunduğu “Azadlıq-2015” seçki bloku noyabrın 1-də baş tutan parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, blokun həmtəsisçisi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, blok xarici və daxili faktorları nəzərə alaraq seçkidə iştirak edib: “Bizim üçün dövlətimiz önəmlidir. Ona görə də prosesə qoşulduq, seçki prosesinin iştirakçısı olduq”.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil blokun seçkidəki fəaliyyəti ilə bağlı məlumat verib. O bildirib ki, parlament seçkilərində blok 72 namizəd irəli sürsə də, onlardan 20-si qeydə alınıb.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, blokun seçki dövründəki fəaliyyətini normal qiymətləndirir: “Parlament seçkilərində 200-ə yaxın müşahidəçimiz iştirak edib. Siyasi mübarizəni davam etdirmək lazımdır, ruhdan düşməmişik. Biz Milli Məclisdə dəyişiklik gözləyirdik, amma bu baş vermədi. Biz bundan təəssüflənirik. Bu, dövlət üçün növbəti şansın buraxılması deməkdir. Amma hesab edirəm ki, sonuncu şans deyil”.

AXP sədri bildirib ki, blok ölkədə dialoq mühitinin yaranmasına çalışır.

P.Hüseyn qeyd edib ki, ölkədə islahatların aparılması istiqamətində mübarizəni davam etdirmək lazımdır: “Biz bu prosesə deputat olmaq üçün qatılmamışdıq. Daha çox güclənməyə çalışdıq. Hesab edirəm ki, fəaliyyətimiz qənaətbəxşdir. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm, müxalifət partiyalarının bir-birilərindən ayrı düşməsi, düşmənçilik etmələri düzgün deyil. Bunun necə həll ediləcəyini deyə biləmərəm. Amma müxalifət partiyaları bir araya gəlməlidir, mübarizəni birgə aparmalıdır. Mən də bu istiqamətdə çalışacam. Əslində, bu qədər partiyaya ehtiyac yoxdur, yəni təmərküzləşmə prosesi getməlidir”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, seçkinin mənzərəsi bitmiş sayılmamalıdır: “15 saylı Yasamal birinci Seçki Dairəsindən səsvermədə baş verənlərlə bağlı DSK-ya müraciət etmişik. Biz Avropa Məhkəməsinə də müraciət edəcəyik, artıq bununla bağlı sənədlər hazırdır. Həmin dairənin nəticələrinin ləğv olunmasına çalışacağıq”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə seçki blokunun fəaliyyətinə xitam verilməsi təklifini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi