Aviaqəzada həlak olan pilotun qonşusu: Aleksandr Kalyaninovun pilot olmaq uşaqlıq arzusu idi - VİDEO

Aviaqəzada həlak olan pilotun qonşusu: Aleksandr Kalyaninovun pilot olmaq uşaqlıq arzusu idi - VİDEO Təyyarə qəzasında həlak olan pilot Aleksandr Kalyaninovun qonşusu Fariz İbrahimov mərhumun bu peşəyə yiyələnməyi uşaqlıqdan arzuladığını deyib.
Daxili siyasət
28 Dekabr , 2024 12:19
Aviaqəzada həlak olan pilotun qonşusu: Aleksandr Kalyaninovun pilot olmaq uşaqlıq arzusu idi - VİDEO
Fariz İbrahimov

Təyyarə qəzasında həlak olan pilot Aleksandr Kalyaninovun qonşusu Fariz İbrahimov mərhumun bu peşəyə yiyələnməyi uşaqlıqdan arzuladığını deyib.

O, "Report"a açıqlamasında bildirib ki, Aleksandr Kalyaninovun atası da pilot olub.

"Gözümün önündə böyüyüb. O deyirdi ki, Milli Aviasiya Akademiyasında təhsil alıb böyüyəndə pilot olacaq. Rəhmətlik atası da hərbi pilot idi, helikopter idarə edirdi. Subay idi, tək yaşayırdı".

F.İbrahimov vurğulayıb ki, Aleksandr Kalyaninov və onun timsalında digər ekipaj üzvləri qəhrəmanlıq göstəriblər:

"Hazırda matəm içindəyik, onun həlak olduğuna inanmırıq. Allah rəhmət eləsin, onlar bizim qəhrəmanlarımızdırlar".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi