Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü Aran bölgəsində böyük izdihamla anılıb.
“Report”un Aran bürosunun məlumatına görə, Salyan rayonunda keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərə öz dərin ehtiramlarını bildiriblər.
Heydər Əliyevin xatirəsi Neftçala rayonunda da anılıb. Minlərlə neftçalalı bu gün səhər saatlarından başlayaraq Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib və abidəsi önünə təzə-tər çiçəklər düzüblər.
Həmçinin, Heydər Əliyev Mərkəzində Ümummilli Liderə həsr olunmuş sərgiyə baxış keçirilib.
Hacıqabulda da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü izdihamla anılıb. Rayon İcra Hakimiyyətinin rəhbəri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri Ulu Öndərin adını daşıdığı parka gələrək abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Şirvan şəhərinin sakinləri, icra oqranlarının rəsmiləri, ictimaiyyətin nümayəndələri də Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə dahi rəhbərə öz dərin ehtiramlarını bildiriblər.
Sabirabad, Saatlı və İmişli rayonlarında da Ümummilli Liderin əziz xatirəsi anılıb. Hər üç rayonda Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.