Ali Məhkəmənin növbəti plenumu keçirilib

Ali Məhkəmənin növbəti plenumu keçirilib Plenumun işində Fikrət Məmmədov, Zakir Qaralov, Ramil Usubov, Fuad Ələsgərov çıxış ediblər
Daxili siyasət
7 Aprel , 2017 17:27
Ali Məhkəmənin növbəti plenumu keçirilib
Supremecourt.gov.az

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti plenumu keçirilib.

"Report"un məlumatına görə, plenumda 2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsadətlərə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi üzrə nəticələri müzakirə edilib.

Ali Məhkəmənin sədri plenum iclasını açaraq bildirib ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması dövlət başçısının da daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi qeyd edilib, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət - prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilib.

Azərbaycan Ali Məhkəməsi plenumunun “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı və “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2009-cu il tarixli 2 saylı qərarlarında məhkəmələrə tövsiyyə olunur ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar.

Plenumda birinci instansiya və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərinin, istintaq qurumlarının rəhbərlərinin iştirakı ilə aparılıb ümumiləşdirmənin nəticələri geniş müzakirə olunub, təhlillər aparılıb.

Müəyyən edilib ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsadətlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır. Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsan və qanun pozuntularına yol verilməsi halları da aşkar olunub.

Plenumda müzakirə edilən məsələlərlə bağlı məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədi ilə məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

Plenumun işində Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müzakirə edilən məsələlərlə bağlı çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi