Ağsu rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Xocalı ailələri ilə görüş keçirilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailələri və rayon ağsaqqalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər.
Sonra tədbir Veteranlar klubunda təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyi, əsir götürüldüyü və əsirlərə görünməmiş işgəncələrin verildiyi diqqətə çatdırılıb.
Eyni zamanda bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən olduğu vurğulanıb.
Tədbirdə soyqırımının əsl mahiyyətinin Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Milli Məclisini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi vurğulanıb.
Digər çıxış edənlər insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.
Diqqətə çatdırıblar ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib.