Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət və incəsənət nümayəndələri, rayon ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi anılıb.
Sonra Ağsu şəhər Mədəniyyət Evində konfrans keçirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Ümummilli Lider ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb.
Bildirilib ki, Ulu Öndərin özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də ölkəmizin xoşbəxt və firavan gələcəyini layiqincə təmin edir.
Sonda H.Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda respublikanın mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı keçirilib. Konsert proqramının sonunda atəşfəşanlıq təşkil ediləcək.