Yuxarı

​Xocalı soyqırımı Ukraynanın Çerniqov Vilayət Radasında müzakirə olunacaq

Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət! kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətindən söz açılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə Ukraynanın bir sıra vilayət və şəhərlərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Çerniqov Vilayət Radasının binasında keçirilən ilk anım mərasimində Çerniqov administrasiyası rəsmiləri, deputatlar, diaspora fəalları, jurnalistlər, kursantlar, yerli və xarici tələbələr iştirak edib. Anım mərasimini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, ermənilər tərəfindən son iki əsrdə xalqımıza və ölkəmizə qarşı törədilmiş soyqırımı və işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib. Erməni silahlı qüvvələrinin 23 il bundan öncə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri vəhşiliklərdən söz açan fəxri konsul dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib. Bu baxımdan son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!" kampaniyası” çərçivəsində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətindən söz açıb.

Sonra tədbirə qatılanlar Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxaraq özlərini beynəlxalq arenada “yazıq və məzlum xalq” kimi qələmə verən erməni hiyləgərliyinin vəhşilik obrazı ilə tanış olublar. Filmə baxdıqdan sonra çıxış edən Çerniqov Vilayət deputatlar şurasının sədri Nikalay Zverev, tarixçi alim Anatoli Qançarenko və digər şəxslər ermənilərin Xocalı şəhərində dinc əhaliyə, uşaqlara, qadınlara, qocalara qarşı həyata keçirtdiyi qəddarlıqları tək bir xalqa qarşı deyil, ümumilikdə, insanlığa yönəlik bəşəri cinayət olduğunu nəzərə çatdırıblar.

Dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən indiyədək Xocalı faciəsinə hüquqi siyasi qiymət verilməməsindən təəssüfləndiklərini bildirən natiqlər Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının Çerniqov vilayət radasında müzakirəyə çıxarılacağını və bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunacağını bildiriblər.

Xocalıda törədilmiş faciəni Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırımı siyasəti adlandıran vilayət rəsmiləri bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi