Yuxarı
    Bağlamaq

    Millət vəkilləri: “Prezidentin Cocuq Mərcanlı ilə bağlı sərəncamı tarixi hadisədir”

    “Belə sərəncamların sayı çox olacaq”

    Bakı. 25 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam keçən ilin aprelində baş vermiş 4 günlük müharibənin nəticəsidir, silahlı savaşın davamıdır. Çünki insanların hər hansı bir ərazidə məskunlaşması orduya ikinci qüvvə verir, onların mənəvi-psixoloji imkanlarını artırır, düşmənə zərbə vurur. Həmin ərazilərdə azərbaycanlılar gələcəkdə də məskunlaşacaq. Hazırkı sərəncam "Böyük qayıdış"ın mesajını verir". 

    Bunu "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ermənilər aprel döyüşlərindən sonra öz mövqelərinə dəymiş zərbəni ilk dövrlər Rusiya əleyhinə aksiyalarla çıxmağa başladılar: "Eyni zamanda, nəticədə ordu rəhbərliyi vəzifəsindən getməli oldu. Nəzərə alın ki, bu, birinci Qarabağ müharibəsində özlərini qalib kimi aparan şəxslərdir. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın istefaya getməsini sıradan bir hadisə kimi qiymətləndirmək düzgün olmaz. Düşünürəm ki, bu, vaxtında özünü qəhrəman kimi göstərənlərin qurban getməsi idi. 

    Zahid Oruc

    Ermənistan prezidenti Serj Sarqsyan hakimiyyətdən salınacağını nəzərə alaraq belə addımlar atmağa məcbur oldu. Azərbaycan Prezidenti İlham Əliyev növbəti addımlarını atır və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi, insanların qayıdışının təmin edilməsi bütövlükdə məcburi köçkünlərə bu yəqinliyi verir ki, onlar işğaldan azad olunacaq digər ərazilərimizə qayıdacaqlar. Xatırlayırsınızsa, uzun illər ərzində Azərbaycan cəmiyyətində "bir qarış da olsun torpağımız geri qayıtmayıb" bədbinliyi mövcud idi. Xalq bu prosesi "bir qarış, bir ovuc" ifadəsi ilə dəyərləndirirdi. İndi isə ortada işğaldan azad olunan ərazi var. Nəzərə almalıyıq ki, bu yerlər birinci Qarabağ müharibəsində çox böyük savaşda itirilən yerlərdir, amma həmin ərazilərin qaytarılması ikiqat güc, enerji tələb edir. Bu ərazinin neçə hektar olması məsələnin ikinci tərəfidir. Önəmlisi odur ki, ermənilərdəki məğlubedilməzlik mifi dağıdıldı. İndi həmin ərazilərə qayıdacaq insanlar daha da irəliyə boylanacaqlar. Prezident İlham Əliyev cəmiyyətə, dünyaya mühüm bir mesaj vermiş oldu. Baxın, illərdir ermənilərə Kəlbəcərdə guya hərbi səngər düzəldirlər. Amma bu nə fəaliyyətdir ki, sən oranı əkib-becərmirsənsə, hətta təsərrüfat işləri görmürsənsə, ticarət əlaqələri qurmursan?! Çünki ora onların vətəni deyil. Ona görə də, sadəcə, səngərdə ömrü çürüdə bilməzsən, o ərazilər ermənilərin nəslinin-nəcabətinin yaşadığı yerlərə çevrilə bilməz".

    Z.Oruc Prezident İlham Əliyevin sərəncamını tarixi hadisə hesab etdiyini vurğulayıb: Düşünürəm ki, bu torpaqlardan didərgin düşən insanların ilk mühüm və əslində "Böyük qayıdış"ıdır. Arzu edirik ki, bötüvlükdə Azərbaycanın məcburi köçkünləri öz yurd-yuvalarına dönə bilsin".

    Aydın Mirzəzadə

    Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə isə "Report"a bildirib ki, gələcək nəsillər Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamla bütün azərbaycanlıların həyatında yeni səhifənin başlandığını xüsusi vurğulayacaqlar: "İlk dəfədir ki, işğaldan azad olunan yaşayış məntəqəsinin bərpası ilə bağlı dövlət başçısı sərəncam imzalayır, tapşırıqlar verir. Bunun özü Azərbaycanın torpaqları işğalda azad etmək əzmində olduğunu göstərir. Bu, dövlət başçısının xalq qarşısında götürdüyü öhdəliyin yerinə yetirdiyini göstərir. Ötən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlığı, müasir texnika ilə təchiz edilməsinin nəticəsi olaraq torpaqların bir hissəsi işğaldan azad edildi. Sərəncam bir daha göstərdi ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə təhlükəsizliyi təmin etməyə, orada yaşayış üçün lazımi şəraitin yaradılmasına hazırdır, bunun üçün kifayət qədər resursu və ən əsası siyasi əzmi var. Qısa bir zamanda 50-yə qədər yaşayış evinin və məktəbin tikilməsi dövlətin çox ciddi niyyətindən xəbər verir. Belə sərəncamların sayı çox olacaq. Şuşa, Laçın, Ağdam və digər işğal olunmuş şəhər və rayon mərkəzlərinin bərpası ilə bağlı sərəncamların verilməsi də mütləq olacaq. Bir kəndin timsalında Azərbaycan dövləti, xalqı öz torpağına olan məhəbbətini göstərdi. Hesab edirəm ki, ictimaiyyət həmin kəndin bərpa işlərini diqqətdə saxlamalıdır, mənəvi dəstəyini verməlidir".

    Xatırladaq ki, yanvarın 24-də Prezident "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

    Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi