Yuxarı

İtaliya Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirilib

Dinləmələrdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak edib

Bakı. 22 May. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmələrdə iştirak edib.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ATƏT-in Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri senator Paolo Romani və digər üzvlərin təşəbbüsü ilə keçirilən tədbirdə V.Sadıqov münaqişənin tarixi, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın qaçqın və məcburi köçkünün taleyi, Xocalıda törədilən soyqırımı, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi və Azərbaycanın mövqeyi haqqında məlumat verib. 

V.Sadıqov vurğulayıb ki, bir çox nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər mövcud olsa da, problem indiyədək öz həllini tapmayıb.

Səfir ölkəmizin BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının məqsəd və prinsiplərinə sadiq olduğunu bildirib. O qeyd edib ki, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in sənəd və qərarlarına uyğun həlli zəruridir.

Sonda İtaliya nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi