Yuxarı

Azərbaycan və Beynəlxalq Qırmızı Xaç Komitəsi Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsini müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini və BQXK prezidenti arasında görüş keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Cenevrə şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasında görüş keçirilib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasındakı mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı X.Xələfov aprelin 2-dən etibarən Ermənistanın Azərbaycan Silahlı Qüvvələri ilə təmas xətti boyunca yerləşən ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini hədəf alaraq ağır silahlardan davamlı atəşə tutduğunu qeyd edib. Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya hücumları nəticəsində xeyli sayda hərbi və mülki şəxslərin həlak olduğu və yaralandığı, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.

Eyni zamanda, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin aprelin 10-da tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyi qeyd olunub.

Nazir müavini həmçinin 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində BQXK-nın səylərinin artırılmasının zəruri olduğunu bildirib.

BQXK-nın prezidenti P.Maurer isə öz növbəsində Azərbaycan ilə BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, təmsil etdiyi təşkilatın Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyəti ilə mütəmadi olaraq maraqlandığını və bu istiqamətdə BQXK-nın mandatına uyğun olaraq öz humanitar fəaliyyətlərini davam etdirəcəklərini bildirib. P.Maurer həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz siyasi həllini tapacağına ümid etdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi