Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti: "Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir"

    Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır

    Bakı. 24 oktyabr. REPORT.AZ/ "Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır".

    "Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə mətbuata bəyanatlarla çıxışında bildirib. 

    "Biz, həmçinin regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən xanım prezidentə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan ilə Azərbaycan arasındakı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdim. Bizim torpaqlarımız təəssüf ki, uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir", - deyə dövlət başçısı qeyd edib.

    Azərbaycan Prezidenti vurğulayıb ki, “Cənub” Qaz Dəhlizi artıq reallıqdır: "Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq. Biz iqtisadi əməkdaşlığımızla bağlı məsələləri geniş müzakirə etdik. Əlbəttə ki, sabah biznes forumda bu, daha geniş müzakirə olunacaq. Lakin biz əsas sahələri, prioritetləri müəyyən etdik. Düşünürəm ki, bunlar ticarət və nəqliyyat sahələridir. Ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq. Nəqliyyat sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınmasında deyil, - baxmayaraq ki, biz bundan çox razıyıq, çox gözəl gəmilərdir, bizə Xəzər dənizində yük daşınmalarını artırmağa imkan verir, - həmçinin Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə şərait yaradacaq Şərq və Qərb arasındakı dəhliz - yeni İpək yolu nəqliyyat sahəsində əməkdaşlıq baxımından biznes dairələri üçün də yeni imkanlar açacaq. Bu gün biz, həmçinin enerji sahəsində əməkdaşlığa dair çox ümidverici olan məsələləri müzakirə etdik. Biz artıq tərəfdaşıq. Xorvatiya bu ilin fevralında Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələrimiz arasında Anlaşma Memorandumu var. “Cənub Qaz Dəhlizi” layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur. Bizim iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlarımız var". 

    "İlin əvvəlində Londonda keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən mühüm ikitərəfli, regional, təhlükəsizlik, əməkdaşlıq, ticarətlə bağlı məsələlər barədə geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir", - deyə dövlət başçısı qeyd edib.

    Prezident İlham Əliyev bu gün xorvatiyalı həmkarı ilə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdiklərini də vurğulayıb: "Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa İttifaqı-Azərbaycan razılaşması üçün yaxşı potensial əsasdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi