Azərbaycan ordusunun şəhid olan hərbçiləri dəfn edilib - FOTO - YENİLƏNİB

Azərbaycan ordusunun şəhid olan hərbçiləri dəfn edilib - FOTO - YENİLƏNİB Onlar "Şəhidlər ölməz, Vətən bölünməz şüarı" ilə son mənzilə yola salınıblar
Qarabağ
7 Aprel , 2016 19:11
Azərbaycan ordusunun şəhid olan hərbçiləri dəfn edilib - FOTO - YENİLƏNİB

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbçisi Ülvin Camaləddin Məmmədov ailəsinin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində salınmış Laçın obalarında dəfn edilib.

"Report"un məlumatına görə, dəfn mərasimində Laçın, Ağcabədi, Xocavənd rayon icra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, rəsmiləri, millət vəkilləri, kənd sakinləri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Aqil Nəzərli çıxışında mənfur erməni işğalçıları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə təxribat xarakterli hücumların qarşısının məhz Ülvin kimi igidlərin rəşadəti nəticəsində alındığını vurğulayıb.

Digər natiqlər də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsinin unudulmayacağını və onların qanının yerdə qalmayacağını bildiriblər. 

Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı əbədi xatirə kimi onun qardaşına verilib.

*** 19:32

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş giziri Rusif İbrahim oğlu Ağayev doğulduğu Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn edilib.

"Report"un məlumatına görə, böyük izdihamla müşayiət olunan cənazə yürüşündə vətənpərvərlik ruhunda şüarlar səsləndirilib.

Dəfn mərasimində Lənkəran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı əbədi xatirə kimi atasına verilib.

Qeyd edək ki, Rusif İbrahim oğlu Ağayev 2005-cı ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. İki uşaq atası olan R.Ağayev hərbi xidməti başa vurduqdan sonra könullü olaraq xidmətini davam etdirib. 

*** 18:19

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət keçən əsgəri Səbuhi Musayev Bərdə rayonunun Buəhmətli kənd qəbiristanlığında dəfn olunub. 

"Report"un məlumatına görə, 27 yaşlı hərbçi bu gün böyük izdihamın müşayiəti ilə "Şəhidlər ölməz, Vətən bölünməz şüarı" ilə son mənzilə yola salınıb.

Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bərdə rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülmüş dövlət bayrağı əbədi xatirə kimi atasına verilib.

Son xəbərlər

Orphus sistemi