​Avropanın ən tanınmış media portallarından birində AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə xəbər yer alıb

​Avropanın ən tanınmış media portallarından birində AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə xəbər yer alıb Məlumatda Azərbaycan XİN-in bəyanatına istinad olunub
Qarabağ
20 İyun , 2015 15:44
​Avropanın ən tanınmış media portallarından birində AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə xəbər yer alıb

Bakı. 20 iyun. REPORT.AZ/ Avropanın ən tanınmış media portallarından olan "Euractiv" saytında Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə xəbər yer alıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyindən məlumat verilib.

"Euractiv" tərəfindən verilən məlumatda 7 Azərbaycan vətəndaşının şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsinin bu il iyunun 16-da verdiyi qərarda Ermənistanın Dağlıq Qarabağ ərazisinə nəzarət etdiyinin təsdiqləndiyi bildirilib və beləliklə, Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal edilməsi faktı Avropa İttifaqının ali məhkəmə instansiyası tərəfindən təsdiqlənib. Belə ki, həmin vətəndaşlar Laçın rayonunda yerləşən və zorla çıxarıldıqları mülklərinə qayıda bilməmələri səbəbindən sözügedən məhkəməyə müraciət ediblər.

Xəbərdə yer alan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir:

“Məhkəmə xüsusilə qeyd edib ki, Ermənistan hökumətinin keçmiş və hazırkı nümayəndələri daxil olmaqla, verilən ictimai bəyanatlar və bir çox hesabatlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə ilk gündən öz hərbi mövcudluğu, eləcə də hərbi təchizat və təcrübəsini təmin etməklə əhəmiyyətli dərəcədə cəlb olunduğunu göstərib. Sözügedən ərazilərə nəzarət baxımından Ermənistanın hərbi dəstəyi həlledici olmağa davam edib. Həmçinin, məsələ ilə bağlı əldə edilən faktlar əsasında aydın olub ki, Ermənistan Dağlıq Qarabağa əsaslı siyasi və maliyyə dəstəyi verib, eləcə də Dağlıq Qarabağ heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığından, orada yaşayan şəxslərə xaricdə səyahət üçün Ermənistan pasportları əldə etmək lazım gəlib. Yekunda, Ermənistan və Dağlıq Qarabağ demək olar ki, bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və onun idarəçiliyi Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və başqa dəstək sayəsində mövcud olub”.

Məlumatın yekununda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatına istinad olunub.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət 2005-ci ildə verilib və 2011-ci ildə məhkəmə məsələni araşdırmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi