Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25 uşaq” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb.
“Report” məktubu olduğu kimi təqdim edir:
- Hörmətli Vladimir Putin, Donald Tramp və Emmanuel Makron,
Rəhbərlik etdiyiniz dövlətlər uzun zamandır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması missiyasını üzərinə götürən Minsk qrupuna həmsədrlik edir. Xocalı şəhəri də Ermənistanın işğalı altındadır. O Xocalı ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan edildi, 613 doğmamız qətlə yetirildi.
Ötən illər ərzində qarşılaşdığımız vandalizmlərin durdurulması üçün sizin ölkələrə çox ümid etdik, hər dəfə Minsk qrupundakı təmsilçiləriniz Azərbaycana gələndə torpaqlarımızın azad olunacağını gözlədik. Təəssüf ki, bunu görə bilmədik.
Soyqırımı zamanı bizim - 25 uşağn hər iki valideyni Xocalıda qətlə yetirildi. Bəlkə də təsəvvür edə bilmirsiniz, o zaman bizlər 1-10 yaş arasındaydıq.
Ata-analarımızı gözlərimiz önündə yandırdılar, güllələdilər, dərilərini soydular. Biz o vaxt uşaq idik, nə baş verdiyini anlamırdıq. Ermənilər bizə ömürümüz boyu gözümüzün önündən getməyəcək dəhşətlər yaşatdılar. Valideyn nəvazişindən, ailə istisindən məhrum olduq.
İndi öz torpaqlarımıza qayıtmaq istəyirik. Yenə də düşünürdük ki, öz evimizə qayıtmağımızda, valideyinlərimizin qətlə yetirildiyi, itkin düşdüyü yurdumuza dönməkdə ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika, Rusiya , Fransa bizə kömək edəcək. Çox təəssüf ki, bunun əksini görməkdəyik. Öz evimizə getmək istəyərkən Minsk qrupunun həmsədrləri evimizə gedən yolu kəsirlər.
Axı niyə!
Bizə qarşı soyqırımı törətmiş ermənilərə dəstək olmaq Sizcə həm də o soyqırımı törədənlərə şərik olmaq anlamına gəlmirmi?
Soyqırımı yaşamış uşaqlara kömək etmirsiniz, heç olmasa öz evlərinə qayıtmalarına mane olmayın.
Bu sualımıza cavab verin, doğrudanmı, bizi insan saymırsınız? Bizim də öz evimizdə yaşamaq haqqımız yoxdurmu?!
Evimizə getmək haqqımızı əlimizdən almaq beynəlxalq hüquqa ziddir. Biz öz evimizə getmək istəyirik. Biz Ermənistanın soyqırımına məruz qoyduğu, Yer üzündən silinmiş Xocalımızı diriltmək istəyirik. Biz qətlə yetirilmiş ata-anamızın ruhunu şad etmək istəyirik. Heçmi Allahınız yoxdur? İnsanlıq sizin üçün bu qədərmi dəyərsizdir?
Axı iddia edirsiniz ki, sizin ölkələr nəinki öz daxilində, həm də xaricdə insan hüquqlarını qoruyur. Elədirsə, bizim də hüquqlarımızı qoruyun.
Müraciətimizi cavabsız qoysanız, Xocalı soyqırımını törədənlərə şərik olduğunuzu özünüz təsdiqləmiş olacaqsınız.