"Azərbaycan Latviya üçün tərəfdaşlıq baxımından mühüm əhəmiyyət daşıyan ölkələrdəndir. Ona görə də bu ölkənin beynəlxalq aləmdəki rolu bütün aspektlərdən bizim daim diqqət mərkəzimizdədir”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Aleksandr Kirşteyns deyib.
Ermənistanın Azərbaycana qarşı daha da intensivləşən hərbi təxribatlarına münasibət bildirən deputat vurğulayb ki, Latviya istənilən hərbi təcavüzə qarşıdır: “Bu məsələ ilə ATƏT Minsk qrupu məşğul olur və biz bu missiyanı dəstəkləyirik. Çox istəyirik ki bu missiya tezliklə konkret nəticə versin və bölgədə gərginlik birdəfəlik aradan qalxsın. Latviya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir”, - o əlavə edib.
Koronavirus pandemiyası ilə bağlı isə A.Kirşteyns bildirib ki, COVID-19 dünyanı həm də tarixin ən həlledici iqtisadi imtahanı qarşısında qoyub.
“Latviya bir sıra tədbirləri ilə itkiləri azaldır. Əsasən insan sağlamlığı faktoru əsas götürülməklə əhalinin iqtisadi durumu da dövlətin narahat olduğu məsələdir. Biz şadıq ki, dostlarımız, Azərbaycan kimi ölkələr də pandemiyadan hər mənada az itkilərlə çıxır, iqtisadi dayanıqlığını qoruyub saxlayr. Əlbəttə ki, Azərbaycan bu nəticələrə səbəb olan mexanizmi bizim üçün də maraqlıdır”, - A.Kirşteyns bildirib.