Rusiyalı ekspert sərhəddəki döyüşlər barədə: “Bu, Paşinyana sərfəlidir” - MÜSAHİBƏ

Rusiyalı ekspert sərhəddəki döyüşlər barədə: “Bu, Paşinyana sərfəlidir” - MÜSAHİBƏ "Əslində Ermənistanda bu müharibə heç kimə lazım deyil"
Dağlıq Qarabağ münaqişəsi
1368
15 İyul , 2020 15:49
Rusiyalı ekspert sərhəddəki döyüşlər barədə: “Bu, Paşinyana sərfəlidir” - MÜSAHİBƏ
Andrey Petrov

“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində “Vestnik Kavkaza”nın baş analitiki Andrey Petrov Ermənistanın Azərbaycan ərazilərini atəşə tutmasından, bu təxribatın Ermənistanın baş naziri Nikol Paşinyana nə fayda verə biləcəyindən və itkilərlə bağlı məlumatların Ermənistanda necə gizlədildiydən danışıb.

- İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindəki sərhəd kəndlərini atəşə tutdu. Atışma bir neçə gün davam etdi, hər iki tərəf itki verdi. Sizcə, Ermənistan niyə bu atışmanı başlatdı?

- Əvvəla, qeyd etmək lazımdır ki, atışmanı məhz Ermənistan tərəfi başladıb, çünki Azərbaycanın nə sərhəddə, nə də bu ərazidə döyüşlərə başlamaqdan heç bir faydası yoxdur. Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur, yalnız Dağlıq Qarabağın işğal olunmuş ərazilərini və ona bitişik yeddi rayonu qaytarmaq istəyir. Üstəlik, Azərbaycan pandemiya ilə mübarizə aparmaqla məşğul olarkən bütün ölkə ərazisində vəziyyətin sakit olmasını istərdi.

- Bəs onda Ermənistanın xeyri nədir?

- Ermənistan hakimiyyəti üçün, Nikol Paşinyan üçün əhalinin diqqətini dövlət siyasətindəki uğursuzluqdan, pandemiya ilə bağlı problemlərdən, ölkədə mövcud olan sosial-iqtisadi vəziyyətdən yayındırmaq faydalıdır. Əvvəllər düşmənləri adlandırdığı sələfləri kimi, o da “Qarabağ kartı”nı ortaya atmağa qərar verdi. Ancaq Qarabağda hansısa təxribata başlamaq təhlükəlidir, çünki Azərbaycan əks-hücuma keçə və ərazilərini azad etməyə başlaya bilər. Sərhəd ərazidə isə Paşinyan Azərbaycanın Ermənistanın dərinliyinə qədər irəliləməyəcəyinə arxalana bilər, çünki Azərbaycanın Ermənistan torpaqlarına iddia etmir.

İkincisi, Ermənistan Azərbaycan-Ermənistan-Rusiya üçbucağı münasibətlərində yaranan diplomatik uğursuzluğun necəsə əvəzini çıxmaq istəyir. Son 10 ildə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər postsovet məkanında nümunəvi səviyyəyə qədər möhkəmlənib, Paşinyan isə heç cür Rusiya ilə münasibətləri qaydaya sala bilmir. Əksinə, Moskvada həm inqilabi yolla hakimiyyətə gəldiyinə, həm də xarici siyasət sahəsində özünü qəribə apardığına görə ona böyük şübhə ilə baxırlar. Bu geriliyi birtəhər aradan qaldırmaq üçün Ermənistan Rusiyanı Azərbaycana qarşı hər hansı dostcasına olamayan addım atmağa təhrik etmək qərarına gəlib. Elə buna görə də təxribatı sərhəddə ediblər. Çünki Azərbaycandan istənilən cavab atəşi Ermənistan ərazisinə zərbələrdir və sənədlərə əsasən, Ermənistan KTMT-yə müraciət edərək ərazilərinin atəşə tutulduğunu bildirir və KTMT-dən tədbir görülməsini istəyir.

- Buna baxmayaraq, KTMT Şurası qeyri-müəyyən müddətə təxirə salındı...

- Şura əvvəlcə formal səbəblərə görə çağırılmışdı, çünki Ermənistan baş katibə müraciət etmişdi. Lakin sonra təxirə salındı, çünki görünür, KTMT rəhbərləri vəziyyətdən başa çıxara bilirlər və Ermənistanın Azərbaycanı təhrik etdiyini başa düşürlər. Onlar hazırda eyni zamanda Ermənistanla razılaşmaları pozmamaq və bu vəziyyətdə açıq şəkildə müdafiə tərəf olan Azərbaycana qarşı çıxmamaq üçün KTMT çərçivəsində həll yollarını müzakirə edirlər. Çox qeyri-adi vəziyyətlə üz-üzəyik: KTMT üzvü olan ölkə başqa bir ölkəyə qarşı təcavüzkarlıq edir və təşkilatın digər üzvlərindən onun təcavüzünün dəstəkləməsini tələb edir. KTMT məhz bunun həll yolunu axtarır.

- Azərbaycan tərəfi müntəzəm olaraq şəhid olanlar barədə məlumat yayır, Ermənistan isə, öz növbəsində, bu məlumatları gizlədir. Niyə?

- Fikrimcə, bu, Ermənistanın yeni rəhbərliyinin siyasətinin zəifliyinin və uyğunsuzluğunun təzahürüdür, çünki itkilərlə bağlı həqiqi sənədli məlumatların yayımlanmasında problem yoxdur. Güclü hakimiyyətin varsa, əhali səni dəstəkləyirsə, sən onlara düzünü deyirsən və döyüşlərin necə getdiyini bildirirsən. Ermənistanın hazırkı rəhbərliyi isə əhalinin dəstəyini itirəcəyindən qorxduğu üçün bu məlumatları gizlədir. Buna görə də indi itkilərinin olmadığını iddia etmək üçün bütün vasitələrlə səy göstərirlər.

Görürəm ki, Ermənistan KİV-də sərhədyanı kəndlərdə əhalinin atışmalardan qorxmadığını və hər zamankı kimi yaşadığını göstərən materiallar dərc edilir. Beləliklə, onlar Ermənistan əhalisinin müharibənin yenidən başlaması ilə bağlı mümkün qorxusunu aradan qaldırmağa çalışırlar. Əslində isə Ermənistanda bu müharibə heç kimə lazım deyil.