"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquqa riayət etməklə vətəndaşlarımızın təhlükəsizliyini təmin edir və ölkəmizin ərazilərinin Ermənistan işğalından azad edilməsi məqsədilə özünün suveren ərazisində fəaliyyət göstərir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni hərbi təcüvüzü ilə bağlı “Al Arabiya” kanalına müsahibəsində bildirib.
Prezidentin köməkçisi hərbi qarşıdurmanın davam etdiyini və sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı atəş açdığını və Azərbaycan Ordusunun öz mülki əhalisinin təhlükəsizliyini qorumaq və Ermənistanı sülhə vadar etmək üçün əks-hücum tədbirləri həyata keçirdiyini bildirib: "Otuz ildən çoxdur ki, biz danışıqlar prosesi aparırıq, lakin Ermənistan status-kvonu qoruyub saxlamaq üçün əlindən gələni edir. Onlar həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri, İslam mədəni irsini dağıdırlar. Dünyanın heç bir ölkəsində məscidlərin dağıdılması və məscidlərdə donuzların saxlanılması kimi hallar baş verməyib. Mülki azərbaycanlıları öldürən və işğal edilmiş ərazilərdə məscidləri və İslam mədəni irsini dağıdan Ermənistan İslam dünyasına və ərəb xalqına özünü necə dost kimi göstərə bilər? Onlar bu gün də Azərbaycan mülki əhalisini öldürməyə davam edirlər. Güclü artilleriya hücumları nəticəsində mülki vətəndaşlarımız həlak olub və ağır yaralanıb. Beynəlxalq ictimaiyyət bu vəhşiliyi, Ermənistanın əsl üzünü görməlidir. Biz İslam ümmətinə, xüsusilə Türkiyəyə, Səudiyyə Ərəbistanına və Pakistana minnətdarıq. Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkələrin Ermənistan ilə diplomatik əlaqələri yoxdur. Biz həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) minnətdarıq. İƏT Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyən qətnamələr qəbul edib".
H.Hacıyev vurğulayıb ki, yalnız Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxardıqdan sonra sülhdən danışmaq olar: "Ermənistanın müdafiə naziri yeni ərazilər üçün yeni müharibələr konsepsiyasını elan edib. Ermənistan nə zaman təxribatları son qoyacaq? Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa son qoymalıdır".