Ötən il ciddi mübahisələrə səbəb olmuş mitiqasiya mövzusunun yenidən gündəmə gətirilməsi bir sıra dövlətlər tərəfindən əsas hədəfdən yayınmaq kimi başa düşülə bilər.
Bunu “Report”a müsahibəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O qeyd edib ki, COP29-da maliyyə mövzusu ilə yanaşı, digər mübahisəli məsələlərdən biri mitiqasiya ilə bağlı olacaq:
“Mitiqasiya dediyimiz emissiyaların azaldılması ilə bağlı olan fəaliyyətdir. Bununla əlaqədar COP29 çərçivəsində qərarın qəbul edilməsi istiqamətində Azərbaycandan gözləntilər var. Xüsusilə bu mövzu bəzən COP28 ilə müqayisəli şəkildə təqdim edilir və bildirilir ki, ötən il Dubayda dövlətlər tədricən mədən yazanacağından uzaqlaşmaq barədə qərar verdi, bəs bu il Bakı COP-unda bunu daha da irəli aparmaq üçün hansısa addımlar atılacaqmı?”.
Baş danışıqçının sözlərinə görə, burada bir məqamı xüsusilə diqqətdə saxlamaq lazımdır ki, ötən ilki COP-dan əsas gözlənti məhz enerji sahəsində iqlim amilini nəzərə alan ciddi qərarın verilməsi ilə bağlı idi:
“Bu ilki COP-da isə əsas mövzu iqlim maliyyəsidir. Bütün inkişaf etməkdə olan dövlətlər COP29-a ümid yeri olaraq baxır və buradan çıxacaq qərar əsasında öz iqlim fəaliyyətlərini maliyyələşdirə bilməyi düşünür. Biz isə ev sahibi olaraq bütün dövlətlərin gözləntilərini nəzərə almalıyıq. Bəli, biz COP29-un yekunlarının balanslı paketi üçün enerji mövzusunu da xüsusi diqqətdə saxlayırıq və bu mövzunun tərəf dövlətlər arasında müzakirəsi üçün bir sıra platformalar yaradırıq. Ancaq apardığımız fəaliyyət zamanı diqqət etməliyik ki, COP29-dan əsas gözlənti olan iqlim maliyyəsi mövzusu kölgədə qalmasın”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.