"Azərbaycan enerji keçidi ilə bağlı hədəflərə nail olmaqda qətiyyətlidir" - COP29-un baş danışıqçısı ilə MÜSAHİBƏ

"Azərbaycan enerji keçidi ilə bağlı hədəflərə nail olmaqda qətiyyətlidir" - COP29-un baş danışıqçısı ilə MÜSAHİBƏ Azərbaycan bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edəcək. Ötən ilin dekabrında bu qərar qəbul edildikdən dərhal sonra rəsmi Bakı tədbirə hazırlığa başladı. Hazırda COP29
COP29
23 Sentyabr , 2024 14:16
Azərbaycan enerji keçidi ilə bağlı hədəflərə nail olmaqda qətiyyətlidir - COP29-un baş danışıqçısı ilə MÜSAHİBƏ
Yalçın Rəfiyev

Azərbaycan bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edəcək. Ötən ilin dekabrında bu qərar qəbul edildikdən dərhal sonra rəsmi Bakı tədbirə hazırlığa başladı. Hazırda COP29 sədrliyi iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəlmiş 14 təşəbbüs irəli sürüb və əsas prioritetləri müəyyən edib. Bu təşəbbüslər arasında İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) və Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platforması (BTP) xüsusilə seçilir.

İMFF çərçivəsində Azərbaycanın əsas məqsədi mədən yanacağı istehsal edən ölkələrin və özəl şirkətlərin maliyyə töhfələri hesabına inkişaf etməkdə olan dövlətlərdə "yaşıl enerji"nin inkişafını stimullaşdırmaq üçün bir milyard dollar həcmində investisiya cəlb etməkdir. BTP isə dövlətlər tərəfindən iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təqdim edilən ikiillik şəffaflıq hesabatlarının hazırlanmasına dəstək verməyi hədəfləyir. Bu istiqamətdə ilk hesabatların COP29-da təqdim edilməsi planlaşdırılır. Azərbaycanın COP29 çərçivəsində aparılacaq danışıqlardakı əsas hədəfi iqlim fəaliyyəti sahəsində ambisiyaların həyata keçirilməsini təmin edəcək yeni maliyyə hədəfinin müəyyən edilməsidir.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Report”a müsahibəsində konfransa məzmun hazırlıqları ilə bağlı görülən işlər, eləcə də qarşıda duran çətinliklər və həll olunmamış məsələlər barədə danışıb. O, iqlim maliyyələşdirməsi probleminin həlli yollarını, maliyyə şəffaflığı və hesabatlılığının artırılması mexanizmlərini, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun maliyyələşdirmə mənbələrini müzakirə edib, həmçinin qarşıdan gələn konfransın ən mübahisəli mövzularına toxunub.

- İlk olaraq bilmək istərdik ki, COP29 sədrliyinin əsas prioritetləri, həmçinin Azərbaycanın noyabr ayında Bakıda keçiriləcək konfrans çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə yönündə təşəbbüsləri nədən ibarətdir?

- COP29 Azərbaycanın indiyədək ev sahibliyi edəcəyi ən irimiqyaslı tədbirdir. Bu tədbirin əhəmiyyəti BMT sistemi daxilində olduqca böyükdür. Bu xüsusda, prioritetlərdən danışarkən təkcə Azərbaycanın ev sahibi və sədr ölkə olaraq prioritetlərindən yox, həm də dünya ictimaiyyətinin COP29-dan gözləntilərindən danışmaq lazımdır. Hazırda dünya ictimaiyyətinin Azərbaycanda keçiriləcək COP29-dan əsas gözləntisi iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə hədəfinin müəyyən olunmasıdır.

2009-cu ildə Kopenhagendə keçirilən COP zamanı qəbul olunmuş qərara əsasən, iqlim fəaliyyəti sahəsində ehtiyaclarını qarşılamaq üçün inkişaf etmiş ölkələr illik əsasda inkişaf etməkdə olan dövlətlərə yardım qismində 100 milyard ABŞ dolları ayırmalı idi. Ötən illər ərzində bu hədəfə nail olunub-olunmadığı hələ ki müzakirə mövzusudur. Ancaq Bakıda keçiriləcək COP-da Kopenhagendən ötən 15 il ərzində həm iqlimlə bağlı, həm də qlobal maliyyə-iqtisadi sistemdə baş vermiş bütün dəyişiklikləri nəzərə alaraq 100 milyard ABŞ dolları hədəfinin artırılması ilə bağlı qərar verilməlidir. Azərbaycanın danışıqlar istiqamətində əsas prioriteti də təbii olaraq bu qərarın qəbul edilməsi ilə bağlıdır.

İkinci prioritetimiz isə beynəlxalq ictimaiyyətin COP29-dan digər əsas gözləntisi olan Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, tənzimlənən karbon bazarlarının formalaşdırılması ilə bağlı qərarın qəbul edilməsidir. Bu qərar, əslində, bir çox dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün vacibdir. Çünki əgər karbon bazarları həqiqətən də tənzimlənən vahid bazara çevrilə bilsə, onlar inkişaf etməkdə olan ölkələrin öz iqlim fəaliyyətlərini maliyyələşdirməsi üçün əlavə gəlir mənbəyi ola bilər. Bu baxımdan Azərbaycanın hazırda gördüyü əsas işlərdən biri də bu qərar üzrə xüsusi mövqeyi olan bir sıra dövlətlərlə sıx əməkdaşlıq etmək, onları müxtəlif platformalarda bir araya gətirərək bu qərarın qəbulunu təşviq etməkdir.

Danışıqlar istiqaməti ilə yanaşı, Azərbaycanın COP29-un uğuruna töhfə verəcək öz təşəbbüsləri də var. Bu yaxınlarda 14 belə təşəbbüsümüzü beynəlxalq ictimaiyyətə elan etdik. Bu təşəbbüslər vasitəsilə Azərbaycan tərəfi həm qlobal miqyasda iqlim fəaliyyətinin məxsusi sahələrinə diqqət çəkərək onlarla bağlı problemlərin həllinə töhfə verir, həm də müvafiq istiqamətdə öz prioritetlərini təşviq edir. Məsələn, Azərbaycan Prezidentinin irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsü. Bu təşəbbüsə əsasən, COP keçirildiyi müddət ərzində atəşkəsin qorunması təşviq edilir. Bu təşəbbüsün ideoloji əsası Olimpiya oyunları ilə bağlı mövcud təcrübəyə əsaslanır. Hər Yay Olimpiya Oyunlarından əvvəl BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamələr qəbul edilir ki, Olimpiya oyunları keçirilən dövrdə silahlı münaqişələr dayandırılsın və qlobal atəşkəs elan edilsin. Ancaq COP29-la bağlı irəli sürülən “COP atəşkəsi” təşəbbüsünü Olimpiya atəşkəsindən fərqləndirən daha önəmli bir xüsusiyyəti var. O, yalnız qlobal sülh gündəliyinin təşviq edilməsini deyil, həm də istixana qazları ilə bağlı qlobal emissiya miqdarının əhəmiyyətli miqyasda azaldılmasını hədəfləyir. Belə ki, BMT-yə istinadən hazırda dünyada mövcud olan 52-dən çox silahlı münaqişə var ki, bunların yaratdığı emissiya həcmi qlobal emissiyaların 5-6 %-ni təşkil edir. Əgər bu rəqəmi bir dövlətin göstəriciləri ilə müqayisə etsək, həmin ölkə dünyada 4-cü ən böyük emissiya yaradan ölkə hesab olunardı. Bu baxımdan, COP Atəşkəsi təşəbbüsünün həm emissiyaların azaldılması, həm də qlobal sülh gündəliyinə töhfə baxımından çox böyük əhəmiyyəti var.

- Bildiyiniz kimi, hazırda inkişaf etməkdə olan ölkələr hələ də inkişaf etmiş ölkələrdən iqlim dəyişikliyi ilə mübarizə üçün vəd edilmiş vəsaitlərin çatışmazlığından narahatdırlar. Sizin fikrinizcə, COP29-da sözügedən yardımın yeni həddinin müəyyənləşdirilməsinə nail olunacaqmı?

- Hazırda həmin qərar layihəsi üzrə bir çox elementlər müzakirə edilir. Bu elementlərdən biri iqlim maliyyələşdirilməsi ilə bağlı inkişaf etməkdə olan dövlətlərə ayrılacaq konkret illik məbləğin razılaşdırılmasıdır. Burada dövlətlər arasında fərqli mövqelər və fikirlər var. İnkişaf etməkdə olan dövlətlər hesab edirlər ki, bu rəqəm trilyonlarla ölçülməlidir, çünki son 15 ildə iqlimdə baş verən radikal dəyişikliklərin mahiyyəti və onlara qarşı zəruri olan cavab tədbirləri 100 milyard ABŞ dollarından çox daha böyük miqdarda vəsait tələb edir. İnkişaf etmiş dövlətlərin mövqeyi isə belədir ki, mövcud məbləğ (100 milyard ABŞ dolları) cüzi artırılsın, çünki mövcud rəqəmin əhəmiyyətli artımı onların iqtisadiyyatları üçün ciddi təhdid yarada bilər. İnkişaf etmiş dövlətlər həmçinin hesab edir ki, bu rəqəmin artımı vəsaiti təmin edən dövlətlərin sıralarının genişlənəcəyi və bu siyahıya inkişaf etməkdə olan, ancaq əhəmiyyətli maliyyə imkanları olan dövlətlərin daxil ediləcəyi halda mümkün ola bilər. Onlar bu fikirlə, əsasən, Çini, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini, Sinqapuru, Koreya Respublikasını və digər dövlətləri nəzərdə tuturlar.

Azərbaycan da çalışır ki, bu istiqamətdə tərəfləri bir araya gətirsin və yekun qərarın verilməsi üçün ortaq məxrəc tapılsın. Ümumilikdə, aparılan danışıqlarda indiyə qədər mövcud olan konstruktiv mühit onu deməyə əsas verir ki, COP29-un yekununda müvafiq məsələ üzrə qərarın qəbulunu gözləməyə dəyər. Aydındır ki, əslində, yekunda qəbul olunacaq qərar heç də bütün dövlətləri qane etməyəcək. Ancaq çoxtərəfli danışıqlarda əsas olan bütün dövlətlərin razılaşdığı və bəzən nələrisə güzəştə getdiyi yekdil qərarın qəbul edilməsidir.

- Sentyabrın 3-də Bakı Qlobal İqlim Şəffaflığı Platforması istifadəyə verildi. Bu platforma ilə bağlı digər ölkələrin fəaliyyətləri nədən ibarətdir? Onlar şəffaflıq hesabatlarını hazırlayıb təqdim etməyi planlaşdırırlarmı? Həmçinin iqlim maliyyələşdirilməsi məsələlərində şəffaflığı və hesabatlılığı artırmaq üçün daha hansı mexanizmlərdən istifadə etmək olar?

- Bakı Şəffaflıq Platforması COP29 sədrliyi çərçivəsində çox önəmli təşəbbüslərimizdən biridir. Dövlətlər hər beş ildən bir təqdim etdikləri Milli səviyyədə müəyyən edilmiş Töhfələr (NDC) sənədləri vasitəsilə iqlimlə bağlı ambisiyalarını yeniləyirlər. Başqa sözlə, növbəti beş il üçün istixana qazları emissiyalarını azaltmağı düşündüklərini, enerji keçidi strategiyalarını necə quracaqlarını, dəyişən iqlimə uyğunlaşmaq üçün hansı adaptasiya tədbirləri həyata keçirdiklərini elan edirlər. Bu beşillik planların icrası ilə bağlı dövlətlər tərəfindən hər iki ildən bir hesabatlar təqdim edilməlidir ki, bunlara İkiillik Şəffaflıq Hesabatları (BTR-lar) deyilir. Bu hesabatların dövlətlər tərəfindən COP tarixində ilk dəfə bu il təqdim edilməsi planlaşdırılır. Ancaq qeyd olunan hesabatların hazırlanması həm texniki, həm də substantiv baxımdan olduqca mürəkkəb prosesdir. İrihəcmli olmaqla yanaşı, bu hesabatlar böyük miqdarda statistik məlumatların toplanmasını və təhlili tələb edir. Bunun üçün isə ciddi təlim və ekspertizaya ehtiyac olur. Bakı Platformasının yaradılması da məhz dövlətlərdə olan bu cür texniki imkan və ekspertiza boşluğunun aradan qaldırılmasını hədəfləyir.

COP29-dan sonra da bu sahədə Bakının qalıcı irsini təmin etmək üçün Bakı Şəffaflıq Platforması yaradıldı ki, sonrakı dövrdə də bu sahədəki liderliyimizi saxlayaq və inkişaf etməkdə olan ölkələrə hər iki ildən bir təqdim edəcəkləri hesabatların hazırlanmasında dəstəyimizi göstərək.

Bu çərçivədə artıq ölkəmizin təşəbbüsü və dəstəyi ilə ilin əvvəlindən etibarən bir neçə tədbir keçirib. İlk tədbir 13-14 mayda Bakıda keçirildi, ötən həftə isə Toqo və Keniyada Afrika dövlətləri üçün, daha sonra isə Qazaxıstanda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün təlimlər təşkil olundu.

- Azərbaycanın COP çərçivəsində təşəbbüslərindən biri də İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. Məqsəd isə bu fonda bir milyard dolların toplanılmasıdır. Apardığınız müzakirələr bu vəsaitin toplanacağı yönündə fikir formalaşdırıbmı? Hansı ölkələr bu fonda dəstək göstərilməsində maraqlıdır?

- Fondun əsas fərqləndirici xüsusiyyətlərindən biri onun mədən yanacağı istehsal edən ölkələrin və ya şirkətlərin töhfəsi hesabına formalaşmasıdır. Bu da COP tarixində ilk dəfə baş verir. Hazırda Fonda qoşulmaqla bağlı danışıq apardığımız ölkələr məhz mədən yanacağı istehsal edən ölkələrdir.

Fondun yekun konsepsiyasının formalaşdırılması üçün milli və beynəlxalq ekspertlərdən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrupun aydınlaşdırmalı olduğu bir sıra məqamlar, o cümlədən onun idarəçilik mexanizmi, maliyyə modallıqları və digər suallar var ki, yaxın vaxtlarda Qrup tərəfindən həmin suallara aydınlıq gətirilməsi gözlənilir.

Bundan sonra yekun konsepsiya fonda potensial töhfə verəcək dövlətlərə təqdim olunacaq. Məhz ondan sonra ölkələrin iştirakı, ianələrin həcmi və potensial bir milyard dollarlıq hədəfə nail olunub-olunmayacağı müəyyən olunacaq.

- İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi nəticəsində itki və zərərin kompensasiyası məsələlərinin həlli yolları mövcuddurmu? Bu sahədə İtki və Zərər üzrə Varşava Beynəlxalq Mexanizm, həmçinin İtki və Zərərə Cavab Fondu hansı rolu oynayır və oynamalıdır?

- İtki və Zərər Fondu COP27 zamanı Şarm əş-Şeyxdə təsis edilib, COP28 zamanı isə Dubayda onun fəaliyyətə başlaması istiqamətində ciddi addım atılıb. Ölkələr bununla bağlı artıq müəyyən maliyyə vədləri veriblər. Fonda təxminən 800 milyon ABŞ dolları məbləğində ianələr elan edilib. Cümə günü Bakıda həmin Fondun İdarə Heyətinin iclası yekunlaşdı. Həmin iclasda verilən vacib qərarlardan biri də Fondun direktorunun seçilməsi oldu. İdarə Heyəti müvafiq meyarlara cavab verən 3 namizədlə müsahibə təşkil edərək onlardan birini seçdi. Bu yaxınlarda həmçinin qərar verildi ki, fondun qərargahı Fillippində yerləşəcək. Fondun qərargahının müəyyən edilməsi və icraçı direktorunun seçilməsi Azərbaycanın həmin Fondun fəaliyyətə başlamasına böyük töhfələrindən biri hesab ediləcək.

Bu fondun mahiyyəti ondan ibarətdir ki, bir çox dövlətlər, xüsusilə də kiçik ada dövlətləri və ən az inkişaf etmiş dövlətlərin iqlim dəyişikliyi ilə bağlı qarşılaşdıqları maddi itki və zərərlər bu Fondun vəsaiti hesabına kompensasiya edilsin. Çünki iqlim dəyişiklikləri onların infrastrukturunu məhv edir. Onların itki və zərərini qarşılayacaq vəsaitə ehtiyacı var. Bu vəsait isə inkişaf etmiş dövlətlər hesabına formalaşa bilər.

- İqlim maliyyəsinin formalaşdırılması prosesinə özəl sektorun cəlb edilməsi planlaşdırılırmı və bu sahədə hansı irəliləyişlər mövcuddur?

- Bu sahədə böyük boşluq var. Çünki özəl sektor iqlim məsələlərində üç əsas rolda çıxış edir. Birinci məsələ şirkətlərin fəaliyyətlərində ətraf-mühit amilini nəzərə almasıdır, bəzi şirkətlər bunu edirlər və digərləri də onlardan nümunə götürür. İkinci məsələ korporativ sosial məsuliyyətdir, yəni şirkət həyata keçirdiyi kommersiya fəaliyyətindən pul qazanır və qazandığı pulun müəyyən hissəsini iqlimlə bağlı layihələrə xərcləyir. Üçüncü ən vacib amil isə investisiya faktorudur. Burada çox böyük bir boşluq var və həmin boşluğun əsas səbəblərindən biri də bəzən düzgün olmayan risk qiymətləndirməsidir. Belə ki, özəl sektor təmsilçiləri inkişaf etməkdə olan dövlətlərə investisiya yatırmaq istəyirlər. Ancaq əgər o dövlətdə qoyulan investisiyanın davamlılığı ilə bağlı bir risk görürlərsə, planlarından çəkinirlər. Məsələn, dünya günəş enerjisi potensialının 60 %-i Afrikada cəmləşib, amma dünyada günəş enerjisinə qoyulan investisiyaların cəmi 1 %-i Afrikanın payına düşür. Bu da ona görədir ki, həmin özəl sektor təmsilçiləri Afrikaya vəsait qoymağı riskli hesab edirlər. Bayaq qeyd etdiyim Azərbaycanın təsis edəcəyi fond məhz buna xidmət edir. Yəni Fond özəl sektorun inkişaf etməkdə olan ölkələrə olan investisiya qoyuluşları üçün zəmanət təmin edəcək.

- İstixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədlərinə nail olmaq yolunda maliyyə çatışmazlığından başqa, bu gün hansı əhəmiyyətli maneələri müşahidə edirsiniz?

- Azərbaycanın COP29-la bağlı vizyonunun əsas iki sütun üzərində qurulması bunu izah etməyə əsas verir ki, dövlətlər ambisiyalarını artırır. Beşillik planlar vasitəsilə yeni hədəflər müəyyən edirlər. Ancaq bunu sadəcə inkişaf etmiş dövlətlər özləri üçün təmin edə bilirlər, çünki onların maliyyə imkanları var. İnkişaf etməkdə olan dövlətlər üçün isə planları həyata keçirmə yolunda əsas problemlərdən biri maliyyədir, digəri isə texnologiya çatışmazlığıdır.

Doğrudur, bəzi dövlətlər emissiyaları azaltmaq üçün müasir texnologiyadan istifadə edə bilir, çünki texnologiyanın sahibi özləridir. Ancaq heç də hamısı istifadə edə bilmir. Məsələn, tutaq ki, dünyada metan qazı emissiyasının 40 %-i kənd təsərrüfatı sahəsinin payına düşür. Hazırda tətbiq olunan müasir texnologiyalarla onu 10 %-ə qədər azaltmaq mümkündür. Ancaq bu texnologiyalar bütün dövlətlər üçün əlçatan deyil.

Ona görə də COP29 zamanı hədəflərimizdən biri bu texnologiyaların inkişaf etmiş dövlətlərdən inkişaf etməkdə olan dövlətlərə ötürülməsini təmin edəcək nəticələrə nail olmaqdır. Üçüncü vacib məsələ isə maariflənmədir. Yəni ola bilər ki, bir dövlətin iqlimlə bağlı çox yaxşı siyasəti, hətta müəyyən vəsait cəlb etmək imkanı var, amma onu həyata keçirmək üçün təcrübə və milli bacarıqları yetərli deyil. Bu bacarıqların isə təlim keçirilməsi, təcrübə mübadiləsi vasitəsilə təmin edilməsi vacibdir. Yəni inkişaf etməkdə olan dövlətlərdə iqlim fəaliyyətini təmin etmək üçün üç əsas məsələyə köklənmək lazımdır: maliyyə, texnologiya, maarifləndirmə.

- Bu gün konfransın uğurla həyata keçirilməsi üçün çox ciddi işlər görülür. Ancaq yəqin ki, hələ həllinə ehtiyac duyulan məsələlər də var. Azərbaycan sədrliyinin hazırkı ehtiyacları nələrdir və bu ehtiyacı qarşılamaq üçün hansı addımlar atılmalıdır? COP29-un uğurlu keçirilməsi üçün BMT-nin Azərbaycana dəstəyi nədən ibarət olacaq?

- Biz, əslində, prosesə çox gec mərhələdə başladıq. Digər ölkələrin COP konfransına ev sahibliyi etmək üçün iki il vaxtı vardısa, bizim cəmi 11 aydan da az vaxtımız oldu. Bu müddət ərzində üzərində çalışdığımız ən vacib məsələlərdən biri iqlim sahəsində beynəlxalq danışıqları apara biləcək ekspertlərin hazırlanması və ümumi danışıqlar strategiyasının müəyyən edilməsi oldu. Qısa müddət ərzində biz əsasən Xarici İşlər Nazirliyinin diplomatlarından ibarət olan, ancaq eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertlərinin də cəlb olunduğu danışıqlar komandası yaratdıq. Komanda üzvləri dünyanın bir sıra ölkələrində keçirilən təlim və seminarlarda iştirak edərək dəyərli təcrübə və bilik qazandılar. Bugün artıq bir çox dövlətlər Azərbaycanın iqlim danışıqçılarının qısa müddət ərzində əldə etdiyi bacarıqları çox yüksək qiymətləndirirlər. Buna paralel olaraq digər dövlət qurumlarımızın da nümayəndələrinin iştirakı ilə sədrlik təşəbbüslərimizin hazırlanmasına cavabdeh olan qrup yaradıldı və həmin qrup bir neçə ay ərzində gərgin çalışaraq yuxarıda istinad etdiyim 14 təşəbbüsü ərsəyə gətirdi.

BMT sisteminin COP29 hazırlıqlarımıza ən böyük töhfələrindən biri BMT Baş Katibinin təlimatı əsasında COP29-a dəstək üçün təsis edilmiş və 30-dan çox BMT qurumunu özündə birləşdirən Qlobal İşçi Qrupunun yaradılması oldu. Ötən dövr ərzində Azərbaycan hökuməti həmin qrup ilə birlikdə çalışıb. Ərsəyə gətirdiyimiz 14 təşəbbüsün orijinal ideya və konsepsiyası Azərbaycan ekspertləri tərəfindən hazırlamış olsa da, onları daha təkmil hala gətirmək, qlobal ehtiyaclara uyğunlaşdırmaq üçün BMT qurumlarının böyük töhfəsi oldu.

- Sizcə, COP29-da ən mübahisəli mövzular hansılar olacaq və Azərbaycan onların həllinə necə töhfə verəcək?

- Maliyyə mövzusu ilə yanaşı, digər mübahisəli məsələlərdən biri mitiqasiya ilə bağlı olacaq. Mitiqasiya dediyimiz emissiyaların azaldılması ilə bağlı olan fəaliyyətdir. Bununla əlaqədar COP29 çərçivəsində qərarın qəbul edilməsi istiqamətində Azərbaycandan gözləntilər var. Xüsusilə bu mövzu bəzən COP28 ilə müqayisəli şəkildə təqdim edilir və bildirilir ki, ötən il Dubayda dövlətlər tədricən mədən yazanacağından uzaqlaşmaq barədə qərar verdi, bəs bu il Bakı COP-unda bunu daha da irəli aparmaq üçün hansısa addımlar atılacaqmı? Burada bir məqamı xüsusilə diqqətdə saxlamaq lazımdır ki, ötən ilki COP-dan əsas gözlənti məhz qeyd olunan məsələ ilə bağlı idi, yəni enerji sahəsində iqlim amilini nəzərə alan ciddi qərarın verilməsi. Bu ilki COP-da isə əsas mövzu iqlim maliyyəsidir. Bütün inkişaf etməkdə olan dövlətlər COP29-a ümid yeri olaraq baxır və buradan çıxacaq qərar əsasında öz iqlim fəaliyyətlərini maliyyələşdirə bilməyi düşünür. Bu cür gərgin müzakirələrin davam etdiyi vaxtda ötən il ciddi mübahisələrə səbəb olmuş mitiqasiya mövzusunun yenidən gündəmə gətirilməsi bir sıra dövlətlər tərəfindən əsas hədəfdən yayınmaq kimi başa düşülə bilər. Biz isə ev sahibi olaraq bütün dövlətlərin gözləntilərini nəzərə almalıyıq. Bəli, biz COP29-un yekunlarının balanslı paketi üçün enerji mövzusunu da xüsusi diqqətdə saxlayırıq və bu mövzunun tərəf dövlətlər arasında müzakirəsi üçün bir sıra platformalar yaradırıq. Ancaq apardığımız fəaliyyət zamanı diqqət etməliyik ki, COP29-dan əsas gözlənti olan iqlim maliyyəsi mövzusu kölgədə qalmasın.

- Azərbaycan COP29-un ev sahibi seçilən zaman ilk vaxtlar bəzi ölkələr bunun əleyhinə materiallar hazırlayaraq onun neft ölkəsi olmasına xüsusi diqqət çəkdilər. Ancaq daha əvvəl də neft hasilatçılarının bu konfransa ev sahibliyi etdiyini görmüşük. Neft ölkələrinin COP-a sədrliyi etməsinin, sizcə, nə kimi müsbət tərəfləri var?

- Əvvəlki bir çox COP-lara da neft istehsal edən ölkələr ev sahibliyi edib. Bunun tənqid obyekti olmasını biz ədalətli hesab etmirik. Çünki bu, əksinə, qiymətləndirilməli olan bir addımdır. Neft-qaz istehsal edən ölkələr bu addımı atırlarsa, onlar üzərlərinə böyük bir məsuliyyət götürürlər. Azərbaycanın bu tənqidlərə cavabı ondan ibarətdir ki, birincisi, Azərbaycan indiyədək əldə etdiyi vəsaiti çox ağıllı şəkildə istifadə edib, həm bərpa olunan enerji mənbələrinə investisiya qoyub, həm əhalinin rifah halının yaxşılaşdırılmasına diqqət göstərib. Bunlar tənqid olunmalı deyil, yalnız qiymətləndirilməlidir. Məhz COP29 kontekstinə baxdıqda görərik ki, Azərbaycan COP29-un ev sahibi seçiləndən sonra “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub və özünə öhdəlik götürüb ki, növbəti illər ərzində metan emissiyasını ciddi miqdarda azaldacaq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2050-ci ilə qədər xalis sıfır hədəfini elan edib. Bunun özü də böyük addımıdır. Nəhayət, Azərbaycan elan edib ki, 2030-cu ilə qədər öz enerji balansında bərpa olunan enerjinin payı 30 %-ə çatacaq. Bunların hər biri göstərir ki, Azərbaycan enerji keçidi ilə bağlı hədəflərə nail olmaqda qətiyyətlidir və mədən yanacağı istehsal və ixrac etməyimizə baxmayaraq, qazandığımız vəsaitin təyinatı iqlimlə bağlı hədəflərimizə nail olmağa doğru getməyimizə kömək edir.

- COP29-un təşkili barədə də məlumat almaq istərdik. Maraqlıdır, COP29-da medianın iştirakı necə olacaq və hansı şərait yaradılacaq? Həmçinin xarici media üçün nə qədər yer nəzərdə tutulur?

- Xüsusi kvotanın olduğunu düşünmürəm. Biz COP29-un ən inklüziv COP-lardan biri olması üçün çalışırıq. COP məkanında mavi və yaşıl zonalar olacaq. Mavi zona formalaşmış təcrübəyə əsasən, BMT-nin nəzarətində olan ərazidir və ora üçün akkreditasiya məsələləri BMT tərəfindən həyata keçirilir. Bu baxımdan jurnalistlərin akkreditasiyası və s. daha çox BMT-nin nəzarətində olacaq məsələlərdir.

- COP29 zamanı Azərbaycanın quru sərhədlərinin açılıb-açılmayacağı məsələsi də tez-tez gündəmə gəlir. Bilirik ki, bu məsələ Nazirlər Kabinetinin qərarından asılıdır. Ancaq qonaqların sayını və rahatlığını nəzərə alaraq quru sərhədlərin açılması istiqamətində COP29 sədrliyinin müraciəti mümkün ola bilərmi?

- Bu, Nazirlər Kabinetinin sərəncamında olan məsələdir. Həmin dövr üçün qiymətləndirmə müvafiq qurumlarımız tərəfindən aparılıb qərar veriləcəkdir. Əvvəlki COP və digər beynəlxalq tədbirlərlə bağlı təcrübələrə əsasən, yerli sanitariya, epidemioloji vəziyyət həmişə ön planda tutulur. Ancaq ümumi qiymətləndirmə olaraq quru sərhədlərin qapalı olması amilinin COP29-dakı iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi