Bakıda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 60 qərarın qəbul ediləcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
Baş danışıqçı bildirib ki, bunlardan əsasları iqlim maliyyəsi və karbon bazarlarının formalaşmasıdır.
Y.Rəfiyevin sözlərinə görə, bu iki qərarın qəbulu tarixi nailiyyət olacaq.
O xatırladıb ki, Azərbaycan COP29-un sədri kimi 14 təşəbbüs irəli sürüb: “Bunlara COP prosesinə yenilik gətirəcək təşəbbüslər daxildir. Məsələn, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi Fondu və Qlobal Atəşkəs Çağırışı və s. Beləliklə, Bakıda COP tarixində ilk dəfə olaraq hərbi əməliyyatların iqlimə zərər verən və atmosferə tullantılar yaradan fəaliyyət kimi müəyyən edilməsi təklif olunacaq. Məhz bu məqsədlə atəşkəs çağırışı təşəbbüsü irəli sürülüb", - deyə o bildirib.
COP29-un baş danışıqçısı qeyd edib ki, bu unikal təşəbbüs artıq 127 ölkədən 1100-dən çox qeyri-hökumət təşkilatı nümayəndəsi, ruhani liderlər, tanınmış şəxsiyyətlər tərəfindən dəstəklənib ki, bu da onun geosiyasi kontekstdə əhəmiyyətindən xəbər verir.
Y.Rəfiyev vurğulayıb ki, COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən irəli sürülən təşəbbüslər əsasında bir sıra istiqamətlər üzrə müxtəlif Bakı bəyannamələrinin və sənədlərin imzalanması planlaşdırılır. Onun sözlərinə görə, Bakının adının əks olunduğu 8 bəyannamə və öhdəlik imzalanacaq.