İqlim dəyişikliyinin nəticələri artıq bütün dünyada hiss olunur. Bu nəticələr təkcə əhalinin rifahına deyil, həm də xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinin dayanıqlılığına təhlükə yaradır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Bakıda COP29 çərçivəsində səhiyyə məsələləri üzrə yüksək səviyyəli nazirlər görüşündə bildirib.
"Bu gün biz bu çağırışlara qarşı kollektiv səylərimizdə mühüm addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə iqlim dəyişikliyi və sağlamlıq məsələlərinin qlobal gündəliyin mərkəzində qalmasına çalışırıq”, - o vurğulayıb.
T.Musayev qeyd edib ki, bunun üçün Azərbaycanın Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliya ilə tərəfdaşlıqda əlaqələndirəcəyi “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılacaq.
O bildirib ki, bu təşəbbüs əhəmiyyətli dəyişikliklərə nail olmaq üçün varisliyin zəruri olduğu inamına əsaslanır: "Bu gün burada təmsil olunan hər bir ölkə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin tibbi aspektlərinin tanınması üçün əhəmiyyətli səylər göstərib. Gələcəyə baxaraq, Koalisiya bu səylərin davam etməsini, inkişafını və real nəticələr verməsini təmin edəcək".
T.Musayev qeyd edib ki, Koalisiya ambisiyaları gücləndirəcək, səhiyyə və iqlim sahəsində dəyişikliklər etməyə imkan verəcək: "Bu, cəmiyyətin bütün sektorlarından olan maraqlı tərəflərlə dialoq üçün platforma rolunu oynayacaq. İkincisi, biz səhiyyə sahəsindəki səylər də daxil olmaqla, vəd edilmiş iqlim maliyyələşdirməsini təmin etməliyik”.
Onun sözlərinə görə, Koalisiya maliyyə xidməti təminatçılarını öz öhdəliklərini yerinə yetirməyə təşviq edəcək və illik görüşlər zamanı bu öhdəliklərin yerinə yetirilməsində irəliləyişi qiymətləndirəcək.