Azərbaycan Tibb Universitetində (ATU) 2024/25-ci tədris ilindən etibarən ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənni tədris olunur.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev COP29-un səkkizinci günü çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
O, iqlim dəyişikliyi şəraitində səhiyyə sahəsinin fəaliyyətinin xüsusilə kadr potensialının inkişafı, təhsil islahatları və yeni texnologiyaların tətbiqi yolu ilə gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin səhiyyədə “yaşıl iqtisadiyyat”ın yaradılması üçün bu sahədə yeni iqtisadi prinsiplər də tətbiq edilməlidir.
Nazir xatırladıb ki, Azərbaycanda təhsil islahatları çərçivəsində cari tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənni tədris olunur.
"Hesab edirik ki, müasir texnologiyalara əsaslanan davamlı tibbi təhsil bu ideyanın sürətlə reallaşmasına töhfə verə bilər. Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının gələn ay Lionda açılışı olacaq rəqəmsal "ÜST Akademiyası" təşəbbüsünü dəstəkləyib və bu platforma yeni bilik və bacarıqlara çıxışı təmin edəcək", - T.Musayev qeyd edib.