Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub

Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub II Şuşa Qlobal Media Forumu çərçivəsində “İqlim Hərəkatı və Media” mövzusunda yekun panel keçirilib.
COP29
22 İyul , 2024 13:41
Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub

II Şuşa Qlobal Media Forumu çərçivəsində “İqlim Hərəkatı və Media” mövzusunda yekun panel keçirilib.

“Report”un Şuşa şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, panelə “RīgaTV 24” və “Radio Latvia”nın aparıcısı və prodüseri Ansis Boqustov moderatorluq edib.

BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının 29-cu sessiyasında (COP29) BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai öz çıxışında qeyd edib ki, Azərbaycan COP29-un keçirilməsinə hazırlaşır, tədbir KİV və bu konfransda iştirak etmək istəyən hər kəs üçün açıqdır.

"Biz ölkələrin Bakıya gələrək iqlimin maliyyələşdirilməsi məsələlərində konsensus əldə etməsini gözləyirik. KİV tez-tez maraqlanır ki, nəyə görə COP29 karbohidrogen hasil edən ölkədə keçirilir? Biz bütün bu suallara cavab verməyə hazırıq. Biz həm KİV-i, fəalları, həm də iqlimin maliyyələşdirilməsi məsələlərinə töhfə verə biləcək hər bir kəsi COP29-da gözləyirik. Azərbaycanın COP29-da sədrliyi noyabrda başa çatmayacaq, bu, müxtəlif tərəflərdən iştirakçıların qatılmalı olduğu qlobal tədbirdir”, - o bildirib.

“Arabian Gulf Business Insight”ın baş redaktoru Frensis Martin Keyn Azərbaycanı COP29 ilə bağlı qərəzli məlumatlara baxmayaraq, Qərb mediası ilə işləməkdən imtina etməməyə çağırıb.

"Azərbaycanın karbohidrogen hasil etdiyinə görə üzr istəməsi üçün heç bir səbəb yoxdur. Bununla yalnız fəxr etmək olar. Qərb mediasının hücumları var və olacaq, lakin onlarla işləməkdən imtina etmək lazım deyil", - o qeyd edib.

N.Arpadarai əlavə edib ki, bu cür tədbirlərin lazımi səviyyədə işıqlandırılması üçün jurnalistlərdən iqlim maliyyələşdirilməsi mövzusunda yüksək səviyyədə bilik tələb olunur.

"Berliner Zeitung”in idarəedici direktoru Holger Friedrich də oxşar çağırışla çıxış edib.

"Qərb KİV-dən imtina etməyin. Tarazlıq, hər iki tərəfin mövqeyini bilmək lazımdır. Əməkdaşlıq qlobal cəmiyyətin əsas hissəsidir”, - o vuğulayıb.

Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə mütəxəssis Con Roberts isə qeyd edib ki, iqlim dəyişikliyi məsələləri ilə bağlı ümumi skeptisizm var və ölkələr iqlim maliyyələşdirilməsi ilə bağlı razılığa gələ biləcək.

O, qeyd edib ki, Azərbaycan bir tərəfdən Avropa bazarına tədarükdə kəsirin yaranmasına səbəb olan Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra Avropaya boru kəməri qazının tədarükünün demək olar ki, yeganə alternativ mənbəyi olduğu vəziyyətlə üzləşib. Eyni zamanda, Avropa qalıq yanacaqdan imtina etməyə çalışır.

"Ancaq başa düşmək lazımdır ki, belə olan halda Avropa bərpa olunan enerji mənbələrinin inkişafı və enerji ötürmə infrastrukturunun yaradılması xərclərini əhəmiyyətli dərəcədə artırmalı olacaq”, - Roberts bildirib.

Son xəbərlər

Orphus sistemi