COP29-un keçirildiyi Bakı Stadionunda Azərbaycan pavilyonuna böyük maraq var.
Bunu "Report"a açıqlamasında COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri, Azərbaycan pavilyonunda layihə meneceri Leyla Mahmudova söyləyib.
Onun sözlərinə görə, Azərbaycan pavilyonu buradakı ən böyük pavilyonlardan biridir:
"Sahəsi 450 kvadratmetrdir. Adı "The house of solidarity" adlanır, yəni həmrəylik evi deməkdir. Burada 5 rəqəmsal sərgi nümayiş olunur. Sərgilərə COP-un elementləri ilə yanaşı, Azərbaycanın COP29-da irəli sürdüyü 14 təşəbbüs, Azərbaycanın iqlim yolu, Azərbaycanın "yaşıl gələcəyi" ilə bağlı videoçarx daxildir. Videoçarxda Azərbaycanın "qara şəhər"dən "ağ şəhər"ə keçidi, dayanıqlı nəqliyyat və multikulturalizmdən bəhs edilir".
O qeyd edib ki, pavilyonda 80 tədbirin keçirilməsi planlaşdırılır: "Həm dövlət, həm də COP29 tərəfdaşları burada tədbirlər keçirəcək. İki konfrans otağı və ikitərəfli görüşlər üçün otaqlar var".
L.Mahmudova əlavə edib ki, bu saata qədər çoxlu sayda qonaq Azərbaycan pavilyonunu ziyarət edib. Ən böyük maraq cəlb edən elementlərdən biri də bizim çayımızdır".
Foto: Vüqar Xanlarov