Niderlandın iqlim məsələləri üzrə səfiri Xayme de Burbon və su məsələləri üzrə səfiri Meikevan Ginneken yaxın aylarda Azərbaycana rəsmi səfər edəcəklər.
Bunu “Report”a Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema deyib.
Səfərin məqsədi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Onun sözlərinə görə, COP29 konfransı yeni imkanlar təqdim edir: “COP29 su, kənd təsərrüfatı, iqlim dəyişikliyi kimi məsələləri əhatə edir. Bu il COP29-un Azərbaycanda keçirilməsi elanından sonra daha bir neçə tərəfdaşın bu tədbirə marağı artıb”.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi COP konfransı bu il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 % azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 % azaldılmasından ibarətdir.
Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.