Muxtar Babayev: İqlim fəaliyyətləri bu gün həyat xilas edir

Muxtar Babayev: İqlim fəaliyyətləri bu gün həyat xilas edir İqlim dəyişikliyinə uyğunlaşma üzrə fəaliyyətlər artıq bu gün həyatları xilas edir.
COP29
11 Oktyabr , 2024 11:01
Muxtar Babayev: İqlim fəaliyyətləri bu gün həyat xilas edir

İqlim dəyişikliyinə uyğunlaşma üzrə fəaliyyətlər artıq bu gün həyatları xilas edir.

"Report" xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

“Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdıra bilsək belə, hələ də bütün dünyada iqlim dəyişikliyinin ciddi nəticələri ilə mübarizə aparmalı olacağıq”, - M.Babayev bildirib.

O qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Afrikanın cənub-şərq hissəsində bu on il ərzində uyğunlaşma dəyəri ildə 50 milyard qiymətləndirilir. Uyğunlaşma üzrə maliyyə həcmi həyatın tələblərindən xeyli geri qalır: “COP29 sədrliyinin ambisiyaları artırmaq və hərəkətə keçmək barədə planı var. Bu plan mərkəzi element kimi iqlim maliyyələşdirilməsi ilə Paris Sazişinin bütün istiqamətlərində əhəmiyyətli irəliləyiş təmin edəcək. Birincisi, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları artırmalıyıq. Biz bütün tərəfləri milli uyğunlaşma planlarını qəbul etməyə çağırırıq”.

COP29 prezidenti, Yaşıl iqlim Fondunu planların yaradılması və həyata keçirilməsində ölkələrə dəstəyi sürətləndirməyə çağırıb: “Həyata keçirildikdən sonra milli uyğunlaşma planları investisiyaların istiqamətləndirilməsində mühüm rol oynaya bilər. Aydın prioritetləri və həyata keçirilməsi üçün yol xəritələri olan planlar ölkələrə məxsus strukturlaşdırılmış maliyyəni yaxşılaşdıra bilər”.

“İkincisi, həyata keçirmə vasitələrini təmin etməliyik. Bütün mənbələrdən iqlim maliyyəsini artırmağa çalışırıq. Təsirlərin azaldılması və uyğunlaşma üçün maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırmalıyıq. Təkcə dövlət sektorundan deyil, özəl sektordan da vəsait cəlb etmək lazım olduğu göz qabağındadır”, - M.Babayev vurğulayıb.

COP29 prezidentinin fikrincə, beynəlxalq maliyyə institutları özəl sektordan investisiyaların cəlb edilməsində katalizator rolu oynamalıdır:

“Buna görə də biz iqlim maliyyəsinə çıxışın miqyasını, səmərəliliyini və asanlığını artırmaq üçün bu təşkilatlarla işləyirik. Biz həmçinin Yaşıl İqlim Fondu və Uyğunlaşma Fondu ilə iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsini yaxşılaşdırmaq üçün işləyirik. COP29 sədrliyi İtki və Zərər Fondunun işə salınmasında mühüm irəliləyiş əldə edib”.

M.Babayev qeyd edib ki, hazırda vədləri COP29-da real töhfəyə çevirmək üçün fond və donorlarla iş aparılır: “COP29 sədrliyi olaraq biz ev sahibi kimi öz öhdəliklərimizi yerinə yetirməyə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) prosesində irəliləyiş əldə etməyə sadiqik. Lakin sədrlik olaraq, COP-un birləşdirici gücündən istifadə üçün əlavə məsuliyyətimiz var. Buraya iş prosesindən kənarda maraqlı tərəfləri cəlb etmək və iqlim gündəliyini irəlilətmə daxildir”.

Son xəbərlər

Orphus sistemi