Azərbaycanın təmiz və halal kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı böyük perspektivləri mövcuddur.
“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev COP29 çərçivəsində Bəhreyn Palatasının İdarə Heyətinin üzvü, Beynəlxalq İşəgötürənlər Təşkilatının vitse-prezidenti Sonya Canahi və Beynəlxalq İşəgötürənlər Təşkilatının Maraqlı Tərəflərin Əlaqələndirilməsi üzrə müdiri Stefani Vinet ilə keçirdiyi görüşdə bildirib.
M. Musayevin sözlərinə görə, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və qeyri-neft sektorunun inkişafı istiqamətində bir neçə xüsusi proqramlar icra edir. Azərbaycanın özünəməxsus iqlimə malik olduğunu vurğulayan M.Musayev bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə imkan və potensiallar haqqında geniş məlumat verib.
Qeyd edək ki, COP29 çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq İşəgötürənlər Təşkilatı birgə təmsil olunurlar. Pavilyon aktiv fəaliyyət göstərir və yaşıl iqtisadiyyata keçid, bu zaman iş yerlərinin ədalətli şəkildə bölüşdürülməsi, yaşıl bacarıqların inkişaf etdirilməsi, bu transformasiyada işəgötürənlərin məsuliyyəti mövzularında panel müzakirələr keçirilir, aktiv görüşlər təşkil edilir.
Görüş zamanı S. Canahi Bəhreyn Palatasının 85 illik tarixi və 40 min üzvü olduğunu qeyd edib. O, Bəhreyn üçün əsas məsələ kimi qida təhlükəsizliyinin və logistika problemlərinin həllini önə çəkib. S. Canahi ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığa hazır olduqlarını deyib.
Sonra ASK-nın nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorluğu ilə görüşüb. Beate Andrees Regional direktorluğun fəaliyyəti, işəgötürən təşkilatları ilə əməkdaşlıq perspektivləri haqqında fikirlərini bölüşüb.
M. Musayev Şərqdə işəgötürənlərlə işçilər arasında ilk kollektiv müqavilənin 120 il əvvəl məhz Azərbaycanda imzalandığını vurğulayaraq, Konfederasiyanın BƏT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirib.
Daha sonra Konfederasiyanın münayəndə heyəti COP29 çərçivəsində “Mavi zona”da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlərlərin görüşündə iştirak ediblər. “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu edib.