İtaliyanın “Böyük yeddilik”dəki (G7) sədrliyi və Bakıda keçiriləcək COP29 uğurlu olacaq.
“Report” xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bu ölkənin Respublika Gününə həsr olunmuş tədbirdə deyib.
“Bu il ölkələrimizin çiyinlərinə böyük məsuliyyət düşür. Amma eyni zamanda, əməkdaşlıq üçün əlavə imkanlar açılır. İtaliya G7-yə, Azərbaycan isə COP29-a sədrlik edir. Əminik ki, COP29 uğurlu olacaq”, - o bildirib.
Səfir İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.
“Ölkələr arasında münasibətlər intensiv siyasi dialoqa, ən yüksək səviyyədə səfərlər və missiyaların mübadiləsinə əsaslanır”, - italyan diplomat vurğulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycan paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.