Karbon qazı (CO2) emissiyaları azalmır, əksinə, artır.
“Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində deyib.
O qeyd edib ki, əgər 30 il əvvəl bəşəriyyət atmosferə ildə 33 milyard ton karbon qazı buraxırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur.
"Bu gün karbon qazının konsentrasiyası Yer kürəsinin son 2 milyon il ərzində gördüyü, metan və azot oksidləşməsi isə son 800 min ildə müşahidə etdiyimiz ən yüksək səviyyədədir", - həmsədr bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyinin vurduğu ziyanı azaltmağa kömək edəcək mühüm iqlim qərarları qəbul edilməlidir.
“Sizin qətiyyətiniz və iqlim dəyişikliyi ilə bağlı qlobal problem üzərində birgə fəaliyyətə sadiqliyiniz sayəsində biz vəziyyəti düzəldə və bəşəriyyəti fəlakətdən xilas edə bilərik”, – İ.Serageldin sonda bildirib.