İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası COP29-la bağlı əməkdaşlığa çağırılıb

İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası COP29-la bağlı əməkdaşlığa çağırılıb İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası üzvlərini iddialı və ədalətli iqlim maliyyəsi məqsədini təmin edən uğurlu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) həyata keçirilməsində əmə
COP29
18 Aprel , 2024 10:56
İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası COP29-la bağlı əməkdaşlığa çağırılıb

İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası üzvlərini iddialı və ədalətli iqlim maliyyəsi məqsədini təmin edən uğurlu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) həyata keçirilməsində əməkdaşlığa çağırılıb.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclasında deyib.

Cari ilin aprel ayında Koalisiyaya müşahidəçi qismində qoşulmuş Azərbaycanı sözügedən iclasda maliyyə naziri Samir Şərifov və COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev təmsil edib.

M.Babayev iclasda çıxış edərək iqlim məqsədlərinin həyata keçirilməsində aktiv iştirakına görə Koalisiyaya təşəkkür edib.

İclas Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (istixana effekti yaradan qazların azaldılması üzrə dünya ölkələri tərəfindən götürülmüş öhdəliklər) həyata keçirilməsi üçün tələb olunan maliyyələşmə ehtiyacları və bu ehtiyacların təmin edilməsinin səmərəli təşkilinə həsr edilib. İclasda Koalisiyaya üzv ölkələrin maliyyə nazirləri ilə yanaşı, IMF-in idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti Acay Banqa da iştirak edib.

Hazırda 92 ölkəni üzv kimi birləşdirən İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası iqlim dəyişikliyi ilə bağlı tədbirlərin sürətləndirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi məqsədilə 2018-ci ildə İndoneziyada keçirilmiş IMF və Dünya Bankının İllik Toplantısı zamanı yaradılıb. Koalisiyanın Katibliyi Dünya Bankının Vaşinqtondakı mənzil qərargahında yerləşir və Dünya Bankı və IMF tərəfindən birgə idarə olunur. Koalisiyanın fəaliyyəti IMF, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Afrika İnkişaf Bankı Qrupu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı da daxil olmaqla 26 institusional tərəfdaş tərəfindən dəstəklənir.

Koalisiyanın həmsədrləri olan Niderland Krallığı və İndoneziyanın maliyyə nazirlikləri tərəfindən Azərbaycanın da Koalisiyaya qoşulması ilə bağlı dəvət məktubu göndərilib. COP29-a ev sahibliyi edən Azərbaycan Koalisiya ilə fəal əməkdaşlıq etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi