Klubları öz karbon izləri və iqlim gündəmləri üzərində daha çox işləməyə təşviq edirik.
"Report" xəbər verir ki, bunu Avropa Klublar Assosiasiyası (ECA) dayanıqlılıq üzrə rəhbəri Qaya Pretner "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.
Onun sözlərinə görə, ilk növbədə, klubun üzvlərinin ehtiyaclarını anlamaq əsas prioritetdir:
"Dayanıqlılıq sahəsində çox kiçik bir komanda çalışır. Ona görə də səhv istiqamətlərə fokuslanmaq imkanları yoxdur. Biz üzvlərimiz, xüsusilə də işçi qruplarla dərindən əlaqə quraraq əsas diqqət nöqtələrini anlamağa çalışırıq. Başa düşdük ki, onların potensiallarının fərqində olmalarına baxmayaraq, bəzən müəyyən qorxuları var. Onlar haraya baxmalı olduqlarını, resursları və bilikləri haradan əldə edəcəklərini dəqiq bilmirlər".
Q.Pretner bildirib ki, son illərdə dayanıqlılıq sahəsi sürətlə inkişaf edir və bu sahədə peşəkarlar kifayət qədər deyil:
"Biz qərara gəldik ki, strategiyamız klublarımıza bir yol göstəricisi kimi xidmət etməlidir. Səhmdarlarla əlaqə quraraq harada ən böyük və təsirli müsbət və ya mənfi təsirin olduğunu anlamaq, daha sonra ən vacib məqamları həll etmək üçün plan və strategiya hazırlamaq vacibdir".
ECA rəsmisi vurğulayıb ki, təşkilat olaraq öz karbon izlərini ölçüblər:
"Təxminən illik 1100 ton karbon izi futbol dünyasında əhəmiyyətsiz göstəricidir. Mənim və kiçik komandamın öz emissiyalarımızı azaltmağa diqqət yetirməyimiz nə dərəcədə məntiqlidir, bəlkə də sadəcə 10 kluba öz emissiyalarını 5% azaltmağa kömək etməklə daha böyük nəticə və təsir əldə edə bilərik? Bu səbəbdən klubları öz karbon izi və iqlim gündəmləri üzərində daha çox işləməyə təşviq etməyə qərar vermişik".