Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) noyabrın 8-də CAREC Nazirlər Konfransında müzakirə ediləcək iqlimlə bağlı müştərək həllər noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) təqdim olunacaq və bununla bağlı ümumi çağırışlar ediləcək.
“Report” ADB-yə istinadən xəbər verir ki, bu barədə CAREC-in İqlim Dəyişmələri üzrə İşçi Qrupunun (WGCC) Bakıda keçirilən 3-cü görüşündə deyilib.
Bildirilib ki, işçi qrupun 3-cü görüşünün məqsədi bu il noyabrın 8-də CAREC Nazirlər Konfransında təqdim olunacaq İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı layihəsinə dair razılığa gəlmək və sənədin qəbuluna nail olmaqdır. Eyni zamanda konfransda regional iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması layihələrinin konseptuallaşdırılması təşəbbüsü irəli sürüləcək, biliklərin mübadiləsi aparılacaq.
Fəaliyyət Planı CAREC-in təşəbbüslərini şaxələndirəcək, regional iqlimə uyğunlaşma və təsirlərin azaldılması layihələrinin hazırlanmasına, həyata keçirilməsinə dəstək verəcək, tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək.
Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.