BMT rəsmisi: COP29-un Azərbaycanda təhlükəsiz şəraitdə keçiriləcəyinə tam əminəm - MÜSAHİBƏ

BMT rəsmisi: COP29-un Azərbaycanda təhlükəsiz şəraitdə keçiriləcəyinə tam əminəm - MÜSAHİBƏ BMT-nin Baş Qərargahında Təhlükəsizlik Xidməti rəisinin müavini Kevin O’Hanlon “Report”a müsahibəsində noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə
COP29
11 Sentyabr , 2024 11:37
BMT rəsmisi: COP29-un Azərbaycanda təhlükəsiz şəraitdə keçiriləcəyinə tam əminəm - MÜSAHİBƏ
Kevin O’Hanlon

BMT-nin Baş Qərargahında Təhlükəsizlik Xidməti rəisinin müavini Kevin O’Hanlon “Report”a müsahibəsində noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar görülən təhlükəsizlik tədbirlərindən danışıb:

- İlk olaraq Bakıda hansı görüşlərdə iştirak etdiyiniz barədə məlumat almaq və təhlükəsizliyin təşkili ilə bağlı təəssüratlarınızı bilmək istərdik.

- COP29-un Azərbaycanda keçiriləcəyi elan edildiyi vaxtdan etibarən hökumətin təhlükəsizlik qurumları – Prezidentin Təhlükəsizlik Xidməti, Bakı şəhər Baş Polis İdarəsi və digər dövlət təhlükəsizlik orqanları ilə sıx işləyirik. Onların COP-la bağlı məlumatlılıqları olduqca yüksəkdir. Əminliklə deyə bilərəm ki, tədbirə çox yaxşı hazırlaşıblar. Təhlükəsizlik və mühafizə planlamasının bütün istiqamətlərində sıx əməkdaşlıq edirlər, ona görə də tədbirin təhlükəsiz bir şəraitdə keçiriləcəyinə tam əminəm.

- COP29-da təhlükəsizliyin tam təmin edilməsi istiqamətində bundan sonra hansı addımların atılması nəzərdə tutulur?

- Təhlükəsizlik planımız tədbirin keçirilməsi ilə bağlı hər şeyi əhatə edir. Belə ki, məkanın təhvil alınması, BMT təhlükəsizlik komandasının işi, ərazidə təhlükəsizliyinin təmin edilməsi, dövlət və hökumət başçılarının, nazirlərin, eləcə də digər nümayəndələrin təhlükəsiz şəkildə qəbul edilməsi kimi məsələlər diqqətlə nəzərdən keçirilib. Bizim, həmçinin QHT-lər, media nümayəndələri, texniki heyət üçün də məkan daxilində planlarımız mövcuddur. Çünki bu məkan iki həftə ərzində 7-24 çalışacaq və buraya çox sayda insan gələcək. Həmçinin çatdırılma, logistika, xidmətlə bağlı da planlarımız var.

- Qeyd etdiyiniz kimi, COP29-a yüksək səviyyəli dövlət rəsmiləri qatılacaqlar. Onların təhlükəsizliyinin təmin edilməsi, ümumiyyətlə, COP29 zamanı hər hansı bir təxribatın qarşısının alınması üçün bu konfransa təhlükəsizlik xidmətindən neçə nəfərin cəlb edilməsi gözlənilir?

- Konfransda müxtəlif zonalar olacaq. Məsələn, BMT-nin zonası mavi zona olacaq, bu zonada təhlükəsizliyə BMT məsuliyyət daşıyacaq və mən həmin zonada xidmət göstərəcəyəm. Buraya BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək və biz mavi zonada təhlükəsizliyi təmin edəcəyik. Məkan daxilində hökumətin təhlükəsizlik xidməti əməkdaşları, eləcə də özəl təhlükəsizlik işçiləri ilə bir komanda yaradılacaq. Bu komandada minə yaxın insan olacaq. Bundan başqa, yaşıl zona mövcud olacaq. Azərbaycan hökumətinin təhlükəsizlik xidmətləri həmin zonadan məsul olacaqlar, onlar həm də hava limanında, hotellərdə təhlükəsizlik təminatına cavabdeh olacaqlar. Yəni təhlükəsizlik hərtərəfli bir plandır və müşahidələrimə əsasən, bu plan çox irəliləmiş vəziyyətdədir. Mən isə onun kiçik bir hissəsi olan mavi zonaya cavabdehəm.

- COP29-da 70-80 min nəfərin iştirakı gözlənilir. Bunların arasında çox yəqin ki, ekoaktivistlər də olacaqlar. Onların aksiyalarını dinc keçirə bilmələri üçün mexanizmin qurulması da nəzərdə tutulubmu?

- Vətəndaş cəmiyyəti COP-da böyük rol oynayır. Planetimizi xilas etmək niyyəti ilə gələn vətəndaş cəmiyyəti təşkilatları ilə iş üzrə bizim geniş təcrübəmiz var. Mavi zonada bu çərçivədə fəaliyyətlər nəzərdə tutulub, lakin hamısı qaydalar daxilində olacaq. Mavi zonada olan QHT-lər, vətəndaş cəmiyyəti təşkilatları davranış kodeksi ilə bağlı sənədə imza atırlar və burada həyata keçiriləcək istənilən bir tədbir təşkilat tərəfindən əvvəlcədən təsdiqlənir, onlara təhlükəsizlik komandalarımız tərəfindən nəzarət olunur. Keçmişdəki mavi zona təcrübəmiz çox müsbət olub və bu il də eyni olacağına inanmamaq üçün heç bir səbəbimiz yoxdur.

Son xəbərlər

Orphus sistemi