Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətini dəstəkləyir və COP29 iqlim konfransının uğurla keçirilməsinə yardım göstərməyə hazırdır.
“Report” xəbər verir ki, bunu OPEC-in Baş katibi Haysam Əl-Qays Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində deyib.
“Azərbaycanın COP29-a inklüziv yanaşmaya sadiq olduğunu eşitmək xoş idi. Bu yanaşma ilə neft sənayesi daxil olmaqla bütün fikirlər nəzərə alınır”, - o vurğulayıb.
Baş katib qeyd edib ki, təşkilat Azərbaycanın konstruktiv fəaliyyətini dəstəkləyir: “O, praqmatik və mütərəqqi ölkə olaraq hər kəsi dinləyir. Əminəm ki, tədbir böyük uğurla keçəcək və sizinlə çiyin-çiyinə durmağa hazırıq. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. İqlim dəyişikliyi üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və “Paris Sazişi”nin məqsəd, prinsip və göstərişlərini irəlilətmək üçün hər bir ölkəyə öz yolunu getməyə imkan yaratmalıyıq. Bu zaman ədalətlilik prinsipləri, ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər, həmçinin müvafiq imkanlar nəzərə alınmaqla, milli şərtlərə əsaslanmaq lazımdır”.