Azərbaycan Dəmir Yolları (ADY) QSC yaşıl dünya naminə və COP29-a hazırlıq çərçivəsində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında genişmiqyaslı təmizlik aksiyası keçirib.
QSC-dən “Report”a bildirilib ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyalarının ərazisində baş tutmuş aksiyada ADY-nin müxtəlif struktur bölmələri və törəmə təşkilatlarının əməkdaşları iştirak ediblər.
İştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyib.
Bu təşəbbüs ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ekoloji problemlərin vacibliyini vurğulamaq və təbiətə qarşı məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.