​Azərbaycan gənclər siyasəti sahəsində mövcud vəziyyət açıqlanıb

​Azərbaycan gənclər siyasəti sahəsində mövcud vəziyyət açıqlanıb Gənclərin 52%-i şəhər yerlərində, 48%-i isə kəndlərdə yaşayır
Cəmiyyət
27 Yanvar , 2015 20:48
​Azərbaycan gənclər siyasəti sahəsində mövcud vəziyyət açıqlanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan əhalisinin 2,7 milyon nəfərini (28,9 %) yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir.

"Report"un xəbərinə görə, bu barədə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” sənədində qeyd olunub.

Sənəddə yer alan məlumatlara əsasən, gənclərin 52%-i şəhər yerlərində, 48%-i isə kəndlərdə yaşayır. Onların 49,2%-ni qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir.

2013/2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilib.

2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olub, onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfər olub.

Qeyd olunub ki, gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilib.

Ölkədə gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi