“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİ ), İsveçrə Əməkdaşlıq Təşkilatının Gürcüstanda yerləşən Nümayəndəliyi Tovuzda 32, Oğuzda 2, Gədəbəydə 3 qadın sahibkarlar tərəfindən yaradılmış müəssisələrin açılmasına dəstək göstərib”.
Bunu “Report”a AQSİ-nin İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
S.Babayeva deyib ki, həmin müəssisələrin açılışı martın əvvəllərində nəzərdə tutulur: “Bu tipli müəssisələrə dəstək verməkdə məqsədimiz bölgələrdə yaşayan qadınların rifahını artırmaqdır”.
Onun sözlərinə görə, sözügedən müəssisələr ümumilikdə kənd təsərrüfatının müxtəlif sahələrinə və xidmət sektoruna aid olan sahələri əhatə edir: “Müəssisələr arasında çörək emalı, şirniyyat sahəsi üzrə fəaliyyət göstərəcək kiçik müəssisələr, həmçinin kiçik həcmli restoran, qadınlar üçün fitnes klub və digərləridir. Bununla yanaşı, layihə çərçivəsində bir sıra qadınlara dərzilik kursları keçirilib və həmin qadınlara tikiş avadanlığı paylanılıb”.
Xatırladaq ki, Azərbaycanda qeydiyyatdan keçmiş fərdi sahibkarların, təxminən, 20 faizini qadınlar təşkil edir.