Yuxarı

​Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı məsələləri müzakirə edilib

Dekabrda Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiyada səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iyunun 15-də Moskvada bu ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukaev ilə görüşüb. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizinin iki ölkə üçün yaratdığı tranzit imkanları və dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Nazir əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb: “Azərbaycan və Rusiya arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla 170-dən çox sənəd imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya qoyulub. İqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir və bugünədək Komissiyanın 15 iclası keçirilib”.

Azərbaycanla Rusiya arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan Ş.Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib: “Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına da ixrac edilir. Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı üzrə İşçi Qrupu fəaliyyət göstərir. Qrupun iclası çərçivəsində Rusiya nümayəndə heyəti Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində istehsal prosesi ilə yaxından tanış olublar və belə səfərlər davam etdirilə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığın inkişafına ən ciddi təhdiddir”.

Rusiyanın iqtisadi inkişaf naziri A.Ulyukaev Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini vurğulayıb: “Əməkdaşlığın genişlənməsi üçün hər iki ölkə böyük potensiala malikdir. Mövcud imkanlardan səmərəli istifadə ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynaya bilər”.

Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin dekabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi