Yuxarı

Cari ilin ötən dövrü ərzində 800 sahibkara 27 mln. manat güzəştli kredit verilib

Yevlaxda sahibkarlara güzəştli kreditlər verilib

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunun Kövər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” nazirliyə istinadən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli istixana və bağçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılmasıüzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 842 sahibkara 27,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9766 investisiya layihəsinin maliyyələşdirilməsinə 415,5 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması sahələri üzrə investisiya layihələri maliyyələşdirilib, 33400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Yevlax və ətraf rayonlardan olan 54 sahibkara 1,4 mln.manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Yevlaxda güzəştli kredit ayrılmış tikinti materialları istehsalı zavoduna baxış keçirilib. İldə 24 min ton dəmir-beton məhsulları istehsal etmək gücündə olan zavodun maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 mln. manat güzəştli kredit verilib. Ümumilikdə indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına və müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 71 mln. manata yaxın güzəştli kredit verilibr. Bu müəssisələrdən 14-ü artıq istifadəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi